İrana qarşı yeni hərbi planlar Trampa təqdim ediləcək

ABŞ-ın Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn aprelin 30-da prezident Donald Trampa İrana qarşı mümkün hərbi əməliyyat planları barədə brifinq verəcəklər.

Sherg.az xəbər verir ki, məlumata görə, planlar arasında İran infrastrukturuna yönəlmiş “qısa və güclü” zərbələr, Hörmüz boğazının bir hissəsinə nəzarətin ələ keçirilməsi və yüksək zənginləşdirilmiş uran ehtiyatlarına qarşı xüsusi əməliyyat variantları yer alır. Vaşinqton bu addımlarla Tehranın danışıqlara qayıdacağını gözləyir.

Ağ Evin blokadanı əsas təzyiq vasitəsi kimi nəzərdən keçirdiyi, lakin İran güzəştə getməzsə hərbi müdaxilə ehtimalını da istisna etmədiyi bildirilir.

Xəbərlər fonunda dünya bazarında neft qiymətləri artıb. İran isə blokada davam edərsə, “misli görünməmiş hərbi tədbirlər” görəcəyi ilə hədələyib.