"Əgər İran parçalanarsa, Güney və Quzey Azərbaycan ayrı-ayrı dövlətlər kimi mövcudluğunu davam etdirə və ya birləşmə ehtimalı müzakirə mövzusuna çevrilə bilər"
Yaxın Şərqdə gərginliyin yenidən pik həddə çatdığı bir mərhələdə İran ətrafında baş verən hadisələr regionun siyasi gələcəyinə dair sualları daha da aktuallaşdırıb. Son günlərdə İranın hərbi və siyasi elitasına yönəlmiş hədəfli əməliyyatlar bir çox dairələrdə geniş müzakirə olunur.
Mövcud şəraitdə prosesin region ölkələrinə, xüsusilə Türkiyə və Azərbaycan kimi strateji aktorlara təsiri haqqında “Sherg.az”a danışan xarici siyasət üzrə türk ekspert Aydın Sezer deyib ki, baş verənlər bizlər üçün qeyri-müəyyən və riskli gələcək senarisidir:
"ABŞ-nin hücumu nəticəsində Xameneinin öldürülməsi, bəzi dairələrdə İranda idarəetmə boşluğunun yaranacağı təsəvvürünü formalaşdıra bilər. Ancaq, İsrailin ötən ilki hücumları zamanı da çoxsaylı iranlı yüksək vəzifəli şəxs sui-qəsdlərin qurbanı olmuşdu. ABŞ və İsrailin hücumlarının əsas məqsədi rejim dəyişikliyi etmək, bununla da İranı Qərblə daha uyğun bir ölkəyə çevirməkdir. Bu halda Qərbin enerji resurslarına çıxışı xeyli asanlaşa bilər. İran dünya bazar iqtisadiyyatına daha dərindən inteqrasiya olunar. Çinə yönələn hidrokarbon axınları nəzarət altına alına bilər. Eyni zamanda Cənubi Qafqazda və Orta Asiyada Qərblə uyğunlaşmış İran modelinin yayılması üçün zəmin formalaşa bilər. Lakin bunu deyərkən İranda mütləq şəkildə tamamilə dünyəvi, mövcud rejimə tam zidd bir hakimiyyətin qurulmasının vacib olduğunu söyləmək düzgün olmaz. Mövcud rejimdən də Qərblə uyğunlaşa bilən bir struktur ortaya çıxa bilər. Xatırlayırsınızsa, Venesuelada Maduroya qarşı əməliyyatdan sonra da rejim formal olaraq davam etdi və ABŞ rejim daxilindəki müəyyən qüvvələrlə münasibətlər qurdu". Ekspert zon hadisələri Türkiyə baxımından analiz edəndə, bildirib ki, əgər İranda Qərbə inteqrasiya olunmuş və bazar iqtisadiyyatına tam uyğunlaşmış yeni bir sistem formalaşarsa, Türkiyə regionda ciddi bir iqtisadi rəqiblə üz-üzə qala bilər: "Bölgəyə yönələn yatırımların əhəmiyyətli hissəsi İrana yönələ bilər və bu, Türkiyə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Əgər dəyişiklik qısa müddətdə baş verməz və ölkə daxili qarşıdurmaya, hətta vətəndaş müharibəsinə sürüklənərsə, bu halda Türkiyəyə yeni miqrant axını ehtimalı yarana bilər. Bundan əlavə, Türkiyənin sərhədləri boyunca həm Azərbaycan türkləri, həm də kürdlərlə bağlı yeni siyasi balanslar formalaşa bilər. Bu isə Türkiyə üçün qeyri-müəyyən və riskli gələcək senarisi deməkdir".
Aydın Sezer sonda Azərbaycan üçün vəziyyətin İranın ərazi bütövlüyünü qoruyub-qoruya bilməyəcəyindən asılı olaraq dəyişə biləcəyini deyib:
"Əgər İran parçalanarsa, Güney və Quzey Azərbaycan ayrı-ayrı dövlətlər kimi mövcudluğunu davam etdirə və ya birləşmə ehtimalı müzakirə mövzusuna çevrilə bilər. Lakin bu, yaxın gələcəkdə real görünmür. Azərbaycan hazırda İsrail və Qərb ilə uyğun və balanslı münasibətlərə malikdir. Buna görə də ümumi mənzərəyə baxdıqda, İranda mümkün rejim dəyişikliyinin Azərbaycan üçün birbaşa və kəskin mənfi təsir yaradacağı ehtimalı yüksək görünmür".