İranda rejimi yalnız xalq yıxa bilər - ŞƏRH

  • ABŞ İranın mülki obyektlərini bombalamqla xalqı rejimə daha çox bağlayır. Belə getsə, anti-Amerika əhval-ruhiyyəsi biraz da güclənəcək

İran və ABŞ arasındakı toqquşma format baxımından digər münaqişələrdən fərqlənir. Tərəflər qarşılıqlı fasilələr əsasında hücumları mərhələli şəkildə həyata keçirirlər. ABŞ prezidenti Donald Trampın iyunun 25-də elan etdiyi atəşkəs cəmi 5 gün çəkdi. İranın İordaniyadakı ABŞ hərbi bazasına hücumu Trampın müharibə ritorikasını alovlandırıb.

Yenidən cərəyan edən hücumlar gecə saatlarında daha da şiddətlənib. ABŞ ordusu İranda İslam İnqilabı Keşikçiləri Korpusuna məxsus komanda mərkəzləri, raket və pilotsuz uçuş aparatı (PUA) obyektləri, sahil müşahidə və müdafiə məntəqələri, eləcə də dəniz imkanları daxil olmaqla onlarla hədəfi vurub. Tərəflər geri addım atmaq əvəzinə, hərbi toqquşmanın fazası gərginləşdikcə barışmaz mövqe tuturlar. Son iki gündə, gərginlik daha geniş regional xarakter alıb. ABŞ və Səudiyyə Ərəbistanı İraqda İranla əlaqəli silahlı qruplaşmalara qarşı ilk dəfədir ki, birgə əməliyyat həyata keçiriblər. İran ABŞ və Səudiyyə Ərəbistanının İraqa endirdiyi zərbələri pisləyərək, ölkənin suverenliyini müdafiə edib. Rəsmi Tehran bəyan edib ki, bu kimi təxribatçı addımların doğuracağı təhlükəli fəsadlara görə bütün məsuliyyət Vaşinqtonun və onun regiondakı müttəfiqlərinin üzərinə düşür.

Mövzu ilə bağlı politoloq Əli Mustafa Sherg.az-a bildirib ki, ABŞ və İran arasındakı toqquşmalar yeni dünya nizamının bir hissəsidir:

“ABŞ-nin əməliyyatlara fasilə verməyinin əsas səbəbi, Yaxın Şərqdəki hərbi bazalarda silah-sursatın tükənməsi deyil. Həmin bazalar uzun illərdir ki, İranla müharibə aparmaq üçün hazır vəziyyətə gətirilib. Təchizatın tükənməsi ilə bağlı məlumatların mətbuata sızdırılması psixoloji manipulyasiya xarakteri daşıyır. Vaşinqtonun savaşı davam etdirməyə kifayət qədər resursu var. Lakin müharibənin strateji məzmunu olsa da, konkret forması yoxdur. Çünki vurulan hədəflər dəfələrlə sıradan çıxarılmış obyektlərdir. Eyni nöqtələrin təkrar bombardmanı, Vaşinqtona yeni heç nə qazandırmır. İstər ABŞ-İran qarşıdurması, istərsə də Kiyevlə Tehran arasındakı gərginlik təsadüfi deyil. Bunlar qlobal güc balansının yenidən qurulmasını nəzərdə tutan geniş geosiyasi senarinin parçalarıdır. ABŞ və İran arasındakı toqquşma regionda digər ölkələri də bir-birinə qatıb”. 

Politoloqun sözlərinə görə, dünya üzrə kütləvi silahlanma dalğası daha dəhşətli və əhatəli müharibələrin planlaşdırıldığından xəbər verir:

“Qlobal idarəetmə mexanizmləri köklü şəkildə dəyişir. İkinci Dünya Müharibəsindən sonra formalaşan nizam çökür. Fransa və Rusiya kimi qalib dövlətlər öz hegemonluq statuslarını itirirlər. Yeni güc mərkəzləri dünyanı yenidən bölüşdürür və idarəetmə arxitekturasını yeniləyir. Bütün bunlar ilk baxışdan konspirasiya təəssürat yaratsa da, gerçəklik budur. Tədricən bu reallığın mərkəzində yer alırıq. Yeni dünya düzənin də tək oyunçuları dövlətlər deyil, trans-milli aktolar da qərarvericidir. Bu teatrda hər bir liderə, o cümlədən Trampa müəyyən bir rol biçilib. Vaşinqton istədiklərini tam almadığı üçün savaşı yarıda saxlamayacaq. Müharibə maşınını işlək saxlamaq üçün bəhanələr hər zaman tapılacaq. Ehtiyatlar bərpa olunan kimi əməliyyatlar eyni intensivliklə bərpa ediləcək. Proseslər yeni dünya nizamı tam formalılaşana qədər davamiyyətini qoruyacaq”. 

Ə.Mustafa onu da qeyd edib ki, İranda rejimi yalnız xalq yıxa bilər:

“ABŞ İranın mülki obyektlərini bombalamqla xalqı rejimə daha çox bağlayır. Belə getsə, anti-Amerika əhval-ruhiyyəsi biraz da güclənəcək. Qlobal idarəetməni əlində saxlayan güc mərkəzləri, müharibələrdən nəhəng iqtisadi dividend əldə edirlər. Məsələn, ABŞ-İran gərginliyi alovlanan kimi enerji birjalarında neftin qiyməti kəskin yüksəlir və maliyyə bazarlarında yeni konyuktura formalaşır. Bu da transmilli korporasiyalara və müəyyən dairələrə milyardlarla dollar mənfəət gətirir. Bir sözlə, bu prosesin görünməyən maliyyə-iqtisadi tərəfi görünəndən qat-qat mürəkkəb və əhatəlidir”.