İranın sərt reaksiyası təsadüfi deyil: Ukrayna yeni cəbhənin qapısını açdı - ŞƏRH

  • Tehran Ukraynanın addımlarını öz milli maraqlarına toxunan məsələ kimi qiymətləndirir

ABŞ və İran arasında qarşılıqlı əməliyyatların dayanması ilə bölgədə nisbi sakitlik hökm sürərkən, Ukraynanın Xəzər dənizində İranın ticarət gəmisini vurması münaqişəyə yeni ölçü qazandırıb. Rəsmi Tehran, Ukraynanın hücumunu birmənalı qarşılamayıb.

İran, Kiyev rəhbərliyini "Qərbin paraziti" adlandıraraq sərt cavab tədbirləri görəcəyi ilə hədələyib. İranın xarici işlər naziri Abbas Əraqçi hücumun cavabsız qalmayacağını bildirib. Əraqçi, Ukrayna prezidentini İsrailin oyununa alət olmaqda ittiham edib. İnsidentin Xəzər dənizində baş verməsi, Xəzəryanı ölkələri təşvişə salıb. İran rəsmilərinin sərt mövqeyi, münaqişənin Hörmüz boğazından Xəzər dənizinə daşınacağı fikrini daha da möhkəmləndirib.

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov Sherg.az-a bildirib ki, Ukraynanın İrana məxsus gəmini vurması, Rusiya-Ukrayna müharibəsinin artıq təkcə Avropa coğrafiyası ilə məhdudlaşmadığının göstəricisidir:

“Məlumdur ki, hazırda hadisə ətrafında əsas fikir ayrılığı gəminin statusu ilə bağlıdır. Ukrayna tərəfi onun hərbi məqsədlər üçün istifadə olunan obyekt olduğunu bildirir, İran isə bunu ticarət gəmisinə qarşı hücum kimi qiymətləndirir. Bu ziddiyyət hadisənin hüquqi və siyasi qiymətləndirilməsini mürəkkəbləşdirir. Düşünürəm ki, məsələyə ilk növbədə Rusiya-Ukrayna müharibəsinin genişlənən xarakteri prizmasından yanaşmaq lazımdır. Göründüyü kimi müharibə artıq təkcə döyüş meydanında aparılmır. Enerji infrastrukturu, logistika xətləri, silah və texnologiya təchizatı kanalları da strateji hədəflərə çevrilir. Ukrayna uzun müddətdir Rusiyaya hərbi və iqtisadi dəstək verən strukturlara qarşı zərbələr endirməyə çalışır. Kiyevə görə Rusiyanın hərbi imkanlarına töhfə verən istənilən obyekt harada olmasından asılı olmayaraq legitim hədəfə çevrilə bilər”. 

Politoloqun sözlərinə görə, İranın sərt reaksiyası, Tehranın bu hadisəyə yalnız ikitərəfli insident kimi baxmadığını göstərir:

“İbrahim Əzizinin açıqlamaları göstərir ki, Tehran Ukraynanın addımlarını öz milli maraqlarına toxunan məsələ kimi qiymətləndirir. Bunun əsas səbəblərindən biri İranın son illərdə Rusiya ilə yaxın siyasi və hərbi əməkdaşlıq qurmasıdır. Ukrayna isə İranı Rusiyanın hərbi potensialının güclənməsində rol oynayan ölkələr sırasında görür. Bütün bunlara və mövcud ziddiyətlərə baxmayaraq, indiki şərtlər daxilində İran və Ukrayna arasında genişmiqyaslı yeni cəbhənin açılması ehtimalı yüksək deyil. Hər iki ölkənin birbaşa hərbi qarşıdurmaya girmək üçün kifayət qədər fərqli strateji prioritetləri var. İran üçün əsas təhlükəsizlik gündəmi Yaxın Şərqdəki rəqabət, ABŞ və İsraillə münasibətlər, eləcə də regional təsir imkanlarıdır. Ukrayna üçün isə əsas prioritet Rusiya ilə müharibədə mövqelərini gücləndirməkdir. Lakin bu, gərginliyin təhlükəsiz şəkildə aradan qalxacağı anlamına da gəlmir. Diplomatik münasibətlərin daha da pisləşməsi, qarşılıqlı ittihamların artması qaçılmazdır”. 

R.Bayramov onu da qeyd edib ki, Xəzər dənizi kimi strateji əhəmiyyətli məkanda hər hansı insident region dövlətləri üçün əlavə risklər yarada bilər:

“Xəzər dənizi təkcə Rusiya və İranın maraq dairəsində olan məkan deyil. Burada Azərbaycan, Qazaxıstan və Türkmənistanın da iqtisadi və təhlükəsizlik maraqları mövcuddur. Xəzərdə hərbi risklərin artması enerji ixracına, ticarət marşrutlarına və Orta Dəhliz kimi strateji nəqliyyat layihələrinə mənfi təsir göstərə bilər. Bu səbəbdən region dövlətləri üçün əsas prioritet Xəzərin genişmiqyaslı qarşıdurma zonasına çevrilməsinin qarşısını almaqdır”.