İranın Teleradio Təşkilatı Pezeşkian hökuməti ilə yola getmir - Əfşar Süleymani

  • “Çünki dövlət kanallarının hamısı radikal qüvvələrin əlindədir"
  • Əraqçi bu mövzunu gündəmə gətirməklə, hökumətin fəaliyyətinin ictimaiyyətə kifayət qədər obyektiv çatdırılmadığını ifşalamaq istəyir.

İranda hakimiyyət ilə dövlət televiziyası arasındakı dərin çatlar gizlədilməz həddə çatıb. Xarici işlər naziri Abbas Əraqçinin son bəyanatı, bu uçurumu açıq şəkildə üzə çıxardı. İraqa səfəri zamanı qəhrəman kimi qarşılandığını vurğulayan Əraqçi, həmin kadrların dövlət televiziyasında nümayiş olunmamasından gileylənib. ABŞ ilə qarşıdurmanın davam etdiyi həssas dönəmdə hökumət nümayəndəsinin bu fikirləri açıq şəkildə dilə gətirməsi ciddi maraq doğurub.

Bəs dövlət televiziyalarının bu məsələyə laqeyd yanaşmasına səbəb nədir?

Mövzu ilə bağlı İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani Sherg.az-a bildirib ki, İranın Teleradio Təşkilatı Pezeşkian hökuməti ilə yola getmir:

“Çünki dövlət kanallarının hamısı radikal qüvvələrin əlindədir. Teleradio Təşkilatının rəisinin müavini Səid Cəlilinin qardaşıdır. O, 2013, 2021 və 2024-cü illərdə prezidentliyə namizəd olub. 2024-cü ildə ikinci tura qalsa da, sonda Məsud Pezeşkiana uduzub. Ona görə də Pezeşkianın komandası ilə Səid Cəlali bir-biri ilə uzlaşmır. Özüm də dəfələrlə demişəm ki, İran Teleradio Təşkilatının rəhbərliyi və oradakı kadrlar dəyişməlidir. Konstitusiyaya əsasən, qurumun rəhbərini Ali dini lider 5 illik müddətə təyin edir. Hazırda onların səlahiyyət müddəti başa çatmaq üzrədir”. 

Sabiq səfirin sözlərinə görə, Pezeşkian da dəfələrlə Teleradio Təşkilatını tənqid edib:

“Hətta bir neçə gün əvvəl təşkilatın ordu ilə dövlət arasına nifaq salmaq istədiklərinə diqqət çəkib. Səid Cəlalinin komandası hökumətin fəaliyyətini düzgün işıqlandırmır. İndi də Əraqçi bu mövzunu gündəmə gətirməklə, hökumətin fəaliyyətinin ictimaiyyətə kifayət qədər obyektiv çatdırılmadığını ifşalamaq istəyir. Ümumiyyətlə, Teleradio Təşkilatının reytinqi də çox aşağıdır. Əksəriyyət onların işini bəyənmir. Məhz buna görə də insanlar "Iran International", "BBC" və digər platformalara üz tuturlar”. 

Ə.Süleymani qeyd edib ki, dövlət kanallarının qərəzli əməlləri, İranın milli maraqlarına, xalqın istəyinə və dövlətin fəaliyyətinə ziddir:

“Ümid edirəm ki, yaxın gələcəkdə bu problem öz həllini tapacaq. İraqlıların Əraqçini qəhrəman adlandırması təbii qarşılanmalıdır. İran və İraq xalqları arasında sıx dini-mədəni əlaqələr var. Hər iki ölkədə əksəriyyət şiədir və İranın orada nüfuzu böyükdür. Onlar Əraqçinin simasında İranın ABŞ qarşısındakı dirənişini görür və məhz bu səbəbdən onu qəhrəman elan edirlər".