- “ABŞ və İran hələ əsas təhlükəsizlik məsələlərində razılığa gələ bilməyib”
ABŞ və İran arasında uzun zamandır davam edən gərginlik son əməliyyatlar və regional toqquşmalar fonunda yeni diplomatik mərhələyə daxil olub. İsrail və müxtəlif regional aktorların da təsir etdiyi bu proses nəticəsində 17 iyun 2026-cı ildə “İslamabad Memorandumu” kimi təqdim olunan müvəqqəti çərçivə razılaşması gündəmə gəlib. Sənəd tərəflər arasında genişmiqyaslı danışıqların başlanmasını, məhdud atəşkəsin təmin olunmasını və bəzi iqtisadi-siyasi gərginliklərin yumşaldılmasını nəzərdə tutur.
- Xarici siyasət üzrə tədqiqatçı Tuna Tanman Sherg.az-a bildirib ki, ABŞ və İsrailin İrana qarşı əməliyyatlarından sonra yaranan vəziyyət, onların əvvəlki hədəflərinə nə dərəcədə çatdıqları barədə müzakirələri yenidən gündəmə gətirib:
"Bu prosesin nəticəsində 17 iyun 2026-cı ildə imzalanan və ictimaiyyətə “İslamabad Memorandumu” kimi təqdim edilən razılaşma ortaya çıxdı. Lakin sözügedən mətn yekun sülh sazişi deyil, tərəflər arasında genişmiqyaslı danışıqları başlatmağı hədəfləyən müvəqqəti çərçivə razılaşmasıdır. Altmış günlük danışıqlar prosesini nəzərdə tutan memorandumun reallaşmasında Pakistan başda olmaqla müxtəlif regional aktorların diplomatik təşəbbüsləri mühüm rol oynadı. Bu inkişaf Orta Şərq təhlükəsizlik arxitekturasında regional dövlətlərin böhran idarəetmə qabiliyyətinin getdikcə daha görünən hala gəldiyini göstərir.
Razılaşmanın məzmununa baxıldıqda tərəflərin əvvəlcə qarşılıqlı atəşkəs elan etdiyi görünür. Buna görə ABŞ və İran, Livan cəbhəsi də daxil olmaqla davam edən toqquşmaları dayandırmağı, bir-birinin suverenlik hüquqlarına hörmət etməyi öhdələrinə götürdülər. İqtisadi sahədə isə ABŞ-nin İran limanlarına yönəlik dəniz blokadasını aradan qaldırmağı qəbul etdiyi, İranın isə qlobal enerji bazarları baxımından kritik əhəmiyyət daşıyan Hörmüz boğazında ticarət gəmilərinin keçidini yenidən sərbəst buraxmağı öhdəsinə götürdüyü bildirilir. Bununla yanaşı, İranın enerji ixracına yönəli bəzi məhdudiyyətlərin yumşaldılması ölkənin beynəlxalq enerji bazarlarına yenidən inteqrasiyasına yol aça biləcək mühüm inkişaf kimi qiymətləndirilir".
Analitik qeyd edib ku, razılaşmanın ən həssas və ən çox müzakirə doğuran hissəsi isə İranın nüvə proqramı olub:
"Memorandum çərçivəsində İranın nüvə silahı inkişaf etdirməsinin qarşısının alınması əsas şərtlərdən biri kimi ortaya qoyulub. Yüksək zənginləşdirilmiş uran ehtiyatlarının beynəlxalq nəzarət altında durulaşdırılması gündəmə gətirilib. Bununla belə, uranın zənginləşdirilməsi fəaliyyətlərinin gələcəyi və İranın nüvə infrastrukturunun hansı sərhədlər daxilində fəaliyyət göstərəcəyi kimi əsas məsələlər yekun razılaşma danışıqlarına saxlanılıb. Bu vəziyyət tərəflərin ən fundamental təhlükəsizlik narahatlıqları üzrə hələ tam bir razılığa gələ bilmədiyini göstərir.
Razılaşmadan sonra beynəlxalq ictimaiyyətdə ən çox müzakirə olunan məsələ altmış günlük danışıqların sonunda tərəflərin genişmiqyaslı sazişə nail olub-olmayacağıdır. Xüsusilə ABŞ və İsraildəki bəzi dairələr İranın ballistik raket proqramına dair heç bir məhdudiyyətin razılaşmada yer almamasını ciddi boşluq kimi qiymətləndirirlər. İran rejimini regional təhlükəsizlik üçün əsas təhdid hesab edənlər üçün isə neft ixracına yenidən icazə verilməsi, uranın zənginləşdirilməsi fəaliyyətlərinin tam dayandırılmaması, İran iqtisadiyyatına nəfəs alma imkanı verən tənzimləmələr əsas tənqid mövzuları arasındadır.
Altmış günlük prosesin sonunda tərəflərin yekun razılaşmaya gəlib-gəlməyəcəyi əsasən diplomatik danışıqların uğuruna və tərəflərin güc balansına dair hesablamalarına bağlı olacaq".
Politoloq 1979-cu il İran İnqilabından sonra institutlaşmış ABŞ-İran rəqabətinin bu proses nəticəsində sona çatıb-çatmayacağından da danışıb:
"Bu nöqtədə müasir Amerika xarici siyasəti baxımından baxıldıqda Tramp administrasiyasının yanaşmasının ideoloji ortaq dəyərlərdən çox əməli münasibətlərə əsaslandığı görünür. Bu yanaşma çərçivəsində dövlətlərarası münasibətlər ortaq dəyərlərdən çox konkret maraqlar və danışıqlar prosesləri üzərindən formalaşır. Bununla belə, mövcud böhranın isti münaqişə mərhələsinə qədər yüksəlməsi tərəflər arasında qarşılıqlı etimadsızlığın hələ də güclü şəkildə davam etdiyini göstərir. Buna görə qısa müddətdə genişmiqyaslı və davamlı sülh nizamının formalaşması ehtimalı məhdud görünür.
Oxşar şəkildə gələcəkdə Demokratların hakimiyyətdə olduğu bir dövrdə ABŞ-İran münasibətlərinin tam normallaşacağını proqnozlaşdırmaq da asan deyil.
Demokratlar ənənəvi olaraq İran məsələsində Respublikaçılara nisbətən daha diplomatik və uzlaşma yönümlü yanaşma sərgiləyirlər. Lakin həm ABŞ daxili siyasətindəki təzyiqlər, həm də İsrail, Körfəz ölkələri və regional təhlükəsizlik balansı kimi xarici faktorlar səbəbilə davamlı uzlaşmanı mümkün edəcək addımlar indiyədək atılmayıb.
Beynəlxalq münasibətlər nəzəriyyələri baxımından qiymətləndirildikdə tərəflər arasındakı əsas problem klassik təhlükəsizlik dilemması çərçivəsində izah oluna bilər. İran rejimin təhlükəsizliyini təmin etmək və xarici müdaxilə riskini azaltmaq məqsədilə nüvə potensialını strateji bir təminat kimi görür. ABŞ və regiondakı müttəfiqləri isə eyni potensialı regional sabitlik üçün təhdid kimi qəbul edirlər".
Politoloq vurğulayıb ki, tərəflərin öz təhlükəsizliklərini artırmaq üçün atdıqları addımların qarşı tərəfin güvənsizliyini artırması davamlı uzlaşmanın qarşısında əsas maneələrdən biri olaraq qalır:
"Nəticə etibarilə İslamabad Memorandumu tərəflər arasındakı münaqişənin dayandırılması və diplomatik kanalların yenidən açılması baxımından mühüm dönüş nöqtəsidir. Lakin bu razılaşma ABŞ və İran arasındakı struktur problemləri aradan qaldıran həll deyil. Buna görə mövcud proses davamlı sülhdən daha çox nəzarət edilən gərginlik idarəetmə mexanizmi kimi qiymətləndirilməlidir. Tərəflər arasındakı qarşılıqlı etimadsızlıq, xüsusilə İranın nüvə proqramına dair təhlükəsizlik narahatlıqları aradan qaldırılmadan genişmiqyaslı normallaşma prosesinin həyata keçməsi çətin görünür. Buna görə qarşıdakı altmış günlük dövr yalnız bir danışıqlar mərhələsi deyil, həm də tərəflərin uzun illərdir davam edən rəqabət münasibətini dəyişdirmə qabiliyyətinin mühüm imtahanı olacaq".