Kallas Bakıda: Avropa Azərbaycanın gücünü etiraf etdi - TƏHLİL

Azərbaycan-Aİ münasibətləri dərinləşir, region dəyişir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ilə görüşüb. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatlna görə, görüşdə Avropa İttifaqı–Azərbaycan münasibətlərinin cari vəziyyəti və perspektivləri müzakirə olunub, siyasi dialoqun gücləndirilməsi və əməkdaşlığın inkişafı vurğulanıb. Tərəflər enerji, nəqliyyat, ticarət, yaşıl enerji və rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına toxunublar. Həmçinin post-münaqişə dövrü, regionda sülh prosesi və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Kaya Kallasın ölkəmizə səfərini şərh edən politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana rəsmi səfəri və xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi yüksək səviyyəli görüşlər Bakı ilə Brüssel arasındakı münasibətlərin strateji praqmatizm və qarşılıqlı hörmət müstəvisinə qayıtmasının bariz göstəricisidir. Onun fikrincə, bu səfər xüsusilə son dövrlərdə bəzi Avropa təsisatlarının qərəzli yanaşmaları fonunda yaranmış süni gərginliyin aradan qaldırılması və dialoqun "yenidən yüklənməsi" baxımından həlledici siyasi iradə nümayişi kimi qiymətləndirilməlidir:

“Kaya Kallasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə aparılan müzakirələrdə tərəfdaşlığın bərabərhüquqlu və ortaq maraqlar əsasında inkişaf etdirilməsinin vacibliyinin vurğulanması Azərbaycanın regionun lider dövləti və Avropanın enerji təhlükəsizliyinin vazkeçilməz aktoru olması reallığının Brüssel tərəfindən bir daha təsdiqlənməsidir. Səfərin effektivliyini şərtləndirən ən mühüm amil tərəflər arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə işlərin sürətləndirilməsi barədə əldə olunan razılıqlardır. Bu, Azərbaycan ilə Avropa İttifaqı arasındakı münasibətlərin sadəcə enerji və iqtisadi əməkdaşlıqla məhdudlaşmadığını, həm də institusional səviyyədə dərinləşməyə meyilli olduğunu göstərir. Kaya Kallasın Bakıda keçirdiyi təkbətək və geniş tərkibli görüşlər yaranmış diplomatik soyuqluğu aradan qaldıraraq birbaşa və səmimi təmaslar vasitəsilə yeni əməkdaşlıq perspektivlərini rəsmiləşdirmiş oldu. Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət prinsiplərinə sadiqlik nümayiş etdirən bu cür dialoq mexanizmləri gələcəkdə yarana biləcək anlaşılmazlıqların qarşısını almaq üçün ən etibarlı platformadır”.

Politoloq qeyd edib ki, bu səfər Azərbaycanın çoxşaxəli və balanslı xarici siyasət kursunun növbəti uğuru, eyni zamanda Aİ-nin regiondakı reallıqları daha dərindən dərk etməyə başladığının rəsmi anonsudur:

“Bakı ilə Brüssel arasında münasibətlərin yenidən canlanması təkcə hər iki tərəfin iqtisadi maraqlarına deyil, həm də Cənubi Qafqazda davamlı sülhün və logistik inteqrasiyanın möhkəmlənməsinə xidmət edir. Kaya Kallasın səfəri sübut etdi ki, Azərbaycan Avropa üçün strateji baxımdan etibarlı, siyasi baxımdan isə bərabərhüquqlu bir tərəfdaşdır və bu dialoqun intensivləşməsi regional təhlükəsizlik arxitekturasının formalaşmasında müstəsna əhəmiyyət kəsb edir”.