Türkiyə Böyük Millət Məclisində vəfat edən CHP-nin keçmiş Balıkəsir millət vəkili Orhan Sür üçün vida mərasimi keçirilib.
Sherg.az xəbər verir ki, mərasimdə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ilə partiyanın hazırkı lideri Özgür Özəl "mütləq etibarsızlıq" qərarı ətrafında yaşanan gərginlikdən sonra ilk dəfə bir araya gələrək əl sıxıblar.
Mərasim zamanı Kılıçdaroğlunun CHP qrup sədr müavini Ali Mahir Başarır ilə salamlaşmaması diqqət çəkib.
Siyasi şərhçilər bu görüşün simvolik əhəmiyyət daşıdığını qeyd etsələr də, CHP daxilindəki fikir ayrılıqlarının hələ də davam etdiyini bildiriblər. Jurnalist Zeki Gümüş tərəflər arasında yaxınlaşmanın baş verəcəyinə inanmadığını, əl sıxmanın daha çox mərasim çərçivəsində insani jest olduğunu vurğulayıb.
Hüquqşünas Kadriye Güçlü Sarıkaya isə görüntülərin CHP daxilində davam edən siyasi mübarizəyə dair mesajlar daşıya biləcəyini qeyd edib.
Mərasimdən sonra Özgür Özəl mərhumun ailəsinə başsağlığı verərək Məclisdəki iş otağına yollanıb, Kamal Kılıçdaroğlu isə CHP-nin baş qərargahına gedib. Görüş zamanı tərəflər arasında qısa əl sıxmadan başqa hər hansı söhbətin baş tutmadığı bildirilir.