- “Azərbaycan suverenliyini tam bərpa etdi. 1995-ci ildə yeni dövlətçilik modelinin əsasını qoyduq”
Azərbaycanda 12 Noyabr - Konstitusiya Günü kimi qeyd olunur. Müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunun əsasını təşkil edən Konstitusiyanın qəbulundan 31 il ötür. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilən Əsas Qanun ölkənin dövlətçilik prinsiplərini, hakimiyyət sistemini, vətəndaşların fundamental hüquq və azadlıqlarını müəyyənləşdirən mühüm sənəd kimi tarixə düşüb.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında Konstitusiyanın qəbulunun Azərbaycan xalqının həyatındakı əhəmiyyətindən danışıb.
Deputat bildirib ki, 1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyasının qəbul edilməsi ölkənin hüquqi-siyasi tarixində mühüm hadisə olub:

“1995-ci ildə Azərbaycan özünün tarixdə ilk milli Konstitusiyasını qəbul etdi. Bu, Azərbaycanın hüquqi-siyasi tarixində mühüm hadisə kimi yadda qaldı. Çünki 1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti qurulsa da, təəssüf ki, ölkənin işğala məruz qalması milli Konstitusiyanın qəbul edilməsinə imkan vermədi.
1991–1993-cü illərdə isə ölkədə hökm sürən xaos və siyasi qeyri-sabitlik milli Konstitusiyanın hazırlanmasına mane olurdu. Həmin dövrdə hüquqi-siyasi sistemin formalaşdırılması istiqamətində sovet dövründən qalma Konstitusiya əsasında fəaliyyət göstərməyə çalışırdıq. Lakin 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yeni milli Konstitusiyamızı qəbul edə bildik.
Konstitusiya bugünkü güclü və qalib Azərbaycanın hüquqi-siyasi əsaslarını müəyyən edən mühüm sənəddir. Konstitusiyada hakimiyyət bölgüsü prinsipinin təsbit olunması, hakimiyyətin mənbəyinin xalq kimi müəyyənləşdirilməsi, ərazi bütövlüyümüz və suverenliyimizlə bağlı xüsusi müddəaların yer alması onun əsas xüsusiyyətlərindəndir”.
Parlamentari qeyd edib ki, Konstitusiya müasir Azərbaycan dövlətinin hüquqi xarakterini müəyyən edən əsas sənəddir:
“Uzun illərdir Konstitusiya Gününü qeyd edir, zaman-zaman yeni tələblərə uyğun olaraq Konstitusiyamıza dəyişikliklər edirik. Lakin Konstitusiyamızın əsas tələblərindən biri olan ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpasına yalnız bir neçə il əvvəl nail ola bildik. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü, 2023-cü ildə isə suverenliyini tam bərpa etdi. Beləliklə, Konstitusiyamızın mühüm müddəalarının tam həyata keçirilməsinə nail olduq. Məhz buna görə də bu il Konstitusiya Gününü daha böyük coşqu, milli qürur və fəxarət hissi ilə qeyd edirik”.