“Liderləri aradan götürmək həmişə problemi həll etmir” - RƏY

Əhəd Məmmədli: "İran müharibəsində məqsəd uğur gətirməsə, qalibiyyət mümkün deyil"

"Rusiyanın Ukraynada yaşadığı vəziyyət ABŞ üçün dərs olmalıdır"

"Washington Post” qəzeti məlumat yayıb ki, ABŞ-İran münaqişəsindən az əvvəl Amerika Milli Kəşfiyyat Şurasının (NSC) hesabatında İran rejiminin genişmiqyaslı hücumlarla belə devrilə bilməyəcəyi bildirilirdi.

Nəşr yazır ki, hesabata əsasən, kiçik və ya genişmiqyaslı hücumlardan sonra İranın dini və hərbi qurumları Ayətullah Əli Xameneiyə qarşı sui-qəsddən sonra hakimiyyətin davamlılığını qorumaq üçün hazırlanmış protokollara əməl edəcək.

“Ölkənin parçalanmış müxalifəti hakimiyyəti ələ keçirməyə, yəqin ki, nail ola bilməz”, - hesabatda bildirilib.

Mövzu ilə bağlı politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, ABŞ İranda Yuqoslaviya variantını tətbiq edə bilər. Yəni quru qoşunları ilə genişmiqyaslı müdaxilə etmədən, yalnız hava zərbələri ilə İranı təzyiq altında saxlayaraq onu danışıqlara məcbur etməkdir:

"Bu variant mümkündür, amma belə bir strategiyanın uğur qazanıb-qazanmayacağı sual altındadır. İran kimi böyük və mürəkkəb ölkə qarşısında bunun nə dərəcədə nəticə verəcəyi dəqiq deyil.

Məncə, əgər məqsəd əldə olunmasa, hərbi əməliyyatlar uğurlu hesab edilə bilməz. Məsələn, Rusiyanın Ukraynada yaşadığı vəziyyət buna bənzərdir. Məqsədlər tam həyata keçmədikdə müharibə qalibiyyətlə deyil, əksinə, ciddi problemlərlə nəticələnə bilər.

Üstəlik, liderləri və ya komandirləri aradan götürmək həmişə problemi həll etmir. Məsələn, Hizbullahda da gördük ki, bir rəhbər öldürüləndə onun yerinə başqası gəlir. Bu proses İranda da oxşar şəkildə baş verə bilər. Bir nəfəri sıradan çıxarsan belə, yerinə digəri çıxacaq.

Nəticədə əsas məsələ məqsədə çatmaqdır. Əgər məqsəd həyata keçməzsə, o zaman müharibə aparan tərəf qalib deyil, məğlub sayılır".