Makronun Ermənistana gözlənilən səfəri: Yalnız Fransaya güvənmək risklidir - RƏY

İrəvan paralel olaraq, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığı da gücləndirməlidir

Fransa ilə Ermənistan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub və Parisin Cənubi Qafqazdakı əsas tərəfdaşı kimi məhz Ermənistan çıxış edir. Bu baxımdan Fransa Prezidenti Emmanuel Makronun may ayında gözlənilən İrəvan səfəri iki ölkə arasında mövcud müttəfiqlik əlaqələrinin daha da dərinləşdirilməsinə xidmət edir”.

Bu sözləri Sherg.az-a açıqlamasında politoloq Zeynal Əmralıyev deyib. 

Politoloq hesab edir ki, səfərin əsas məqsədi Ermənistanda güclənməkdə olan Rusiyameyilli siyasi qüvvələrin qarşısını almaqdır: “Gözlənilən parlament seçkiləri ərəfəsində Rusiyaya bağlı qüvvələrin fəallaşması Fransanın regiondakı maraqlarını daha da aktuallaşdırır. Fransanın Ermənistandakı əsas rəqibi Rusiyadır. Bu mənada Paris və Moskva arasında Ermənistan üzərindən gedən geosiyasi rəqabət açıq şəkildə müşahidə olunur. Makron administrasiyası mövcud şərtlər daxilində Ermənistanda mövqelərini gücləndirməyin əsas yolunu məhz bu ölkə ilə əməkdaşlığın genişləndirilməsində görür. Güman edirəm ki, səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafına yönəlmiş müxtəlif tədbirlər keçiriləcək, bir sıra sənədlər imzalanacaq və yeni təşəbbüslər irəli sürüləcək. Eyni zamanda, Fransanın Ermənistana investisiya qoyuluşunu artırması istiqamətində də konkret addımların atılması istisna olunmur. Bütün bunlar ümumilikdə Fransa–Ermənistan münasibətlərinin daha geniş və institusional çərçivədə inkişafına təkan verəcək. bilər”.

Z. Əmralıyev qeyd edib ki, bu əməkdaşlıq Ermənistan üçün müsbət dividentlər vəd etsə də, Nikol Paşinyan hökuməti balanslaşdırılmış, çoxqütblü xarici siyasət yürütməlidir:

“Yalnız Fransaya güvənmək uzunmüddətli perspektivdə riskli yanaşma hesab olunur. İrəvan paralel olaraq, Amerika Birləşmiş Ştatları ilə əməkdaşlığı da gücləndirməlidir. Çünki Avropa Birliyi ilə yaxınlaşmada Fransanın rolu mühüm olduğu kimi, NATO ilə münasibətlərdə əsas açar rolunu ABŞ oynayır. Bu baxımdan, Ermənistanın təhlükəsizlik və investisiya təminatı baxımından Vaşinqtonla əlaqələri inkişaf etdirməsi strateji zərurət kimi qiymətləndirilir”.