"Məhbus Ramin Hacılı Ombudsmana müraciət etməlidir"  - Hüquq müdafiəçisi

İki ildən çoxdur həbsdə saxlanılan müstəqil bloger, yazıçı, Azərbaycan Avropa Hərəkatının sədri Ramin Hacılı Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevaya müraciət edib.
Müraciətdə deyilir:
"Çox hörmətli Mehriban xanım!
Hazırda həbsdə olduğum qondarma cinayət işində üzləşdiyim qanunsuzluqlara aidiyyatı qurumların diqqətini çəkmək üçün dəfələrlə quru ölüm aclığı etmişəm.  Sonuncu dəfə 8 (səkkiz) gün maye və qida qəbul etmədiyim üçün müayinə zamanı öd kisəmdə həkimlər çöküntü aşkarladı. Həkimlər bildirdi ki, əgər təcili müalicə olunmasam öd kisəmdə daş əmələ gələcək. Sizdən səhətimin mövcud durumunu nəzərə alaraq mənim məhbuslar üçün fəaliyyət göstərən mərkəzi müalicə müəssəsinə etab olunaraq müalicə olunmağım istiqamətində göstəriş verməyinizi xahiş edirəm.  Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm!
Dərin hörmətlə,
Vətəndaş Hacılı Ramin Rasim oğlu"
Müraciəti  "Sherg.az"a şərh edən Hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, Ramil Hacılı Mehriban Əliyevadan əvvəl Ombudsmana və ya Ədliyyə Nazirliyinin xüsusi komissiyasına müraciət etməlidir:
"O gərək ilk növbədə Ədliyyə Nazirliyinə müraciət etsin və oradan köməklik göstərsinlər. Ümumiyyətlə, təcridxanada poliklinika var. Əgər yoxdursa, həbsxananın müdiri özü xəstəxanaya məktub yazır və gəlib onu aparıb köməklik göstərərirlər. Hər bir şəxsin oradan həm Ombudsmana, həm də Ədliyyə Nazirliyinin  xüsusi komissiyasına məktub yazmağa haqqı var. Düzdür, Mehriban xanım məktubları görəndə cavab verir və lazimi tədbirlər görülür. Ancaq ona ünvanlanan məktublar çoxluğuna görə gec çatır. Bu səbəblə də, ən yaxşı üsul Ombudsmana müraciət etməkdir".
Şəhanə Tağızadə