Məktəblər tam nəzarətə götürüldü: Nazirlik hərəkətə keçdi

Türkiyənin Milli Təhsil naziri Yusuf Tekin Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hücumlarından sonra ölkə üzrə yeni təhlükəsizlik tədbirlərinin başladıldığını açıqlayıb.

Sherg.az-ın məlumatına görə, nazir bildirib ki, uşaqlar və valideynlər arasında yaranan narahatlığı aradan qaldırmaq üçün Daxili İşlər Nazirliyi ilə birgə məktəblərdə qısa müddətli təhlükəsizlik planı həyata keçirilir. Hazırda təhlükəsizlik qüvvələri bütün təhsil müəssisələrində nəzarət və qoruma tədbirlərini gücləndirib.

O, qeyd edib ki, hadisələrdən sonra Prezident Rəcəb Tayyip Ərdoğanın göstərişi ilə məsələ birbaşa hökumət səviyyəsində nəzarətə götürülüb və istintaq genişləndirilib.

Nazir həmçinin iddia edib ki, baş verən hadisələr dövlət və cəmiyyət arasındakı birlikdən narahat olan qüvvələrin təxribatı ola bilər.

Rəsmi açıqlamaya görə, yaxın günlərdə həm görülən tədbirlər, həm də yeni planlar barədə daha geniş məlumat veriləcək. Nazirlik isə valideynlərə müraciət edərək məktəblərdə təhsilin təhlükəsiz şəkildə davam etdiyini bildirib.