İtaliyanın Baş naziri Giorgia Meloni süni intellektin qurbanı olub. Onun yataqda alt paltarı ilə oturduğunu əks etdirən, süni intellekt tərəfindən hazırlanmış saxta foto yayılıb.
Sherg.az xəbər verir ki, Meloni həmin fotonu "Facebook"-da paylaşaraq belə görüntülərin yoxlanılmadan sosial mediada yayılmaması ilə bağlı xəbərdarlıq edib.
"Deepfakelər hər kəsi aldada, manipulyasiya edə və hədəfə ala bildiyi üçün təhlükəli alətdir. Mən özümü müdafiə edə bilərəm. Amma bir çox insan bunu bacarmır”, - deyə o bildirib.
“Amma reallıq budur ki, hücum etmək və yalan uydurmaq üçün insanlar artıq hər şeydən istifadə edəcəklər. Yenə də deməliyəm ki, məni xeyli gözəlləşdiriblər.”
İtaliyanın ilk qadın baş naziri olan Meloninin bənzərliyi ilə bağlı hadisə ilk dəfə baş vermir. Fevral ayında Romadakı bir kilsədə Meloniyə olduqca bənzəyən mələk fiqurunun ortaya çıxması kiçik miqyaslı kilsə-dövlət qalmaqalına səbəb olmuşdu.
Həmin vaxt Meloni “Xeyr, qətiyyən mələyə bənzəmirəm” paylaşımı etmiş və buna gülən-ağlayan emoji əlavə etmişdi.