Merts xəritələrlə gəldi, Tramp isə Rusiyaya təzyiq mövzusunu bağladı

"Financial Times" yazır ki, Almaniya kansleri Fridrix Merts martın əvvəlində Rusiya üzərinə təzyiqin artırılmasının zəruriliyini əsaslandırmaq üçün xəritə və qrafiklərlə Ağ Evə gəlib. Lakin ABŞ prezidenti Donald Tramp bu məsələni ətraflı müzakirə etmək istəməyib.

Sherg.az xəbər verir ki, mənbələrin bildirdiyinə görə, Tramp kanslerlə görüşdə Rusiyanın Ukraynadan daha güclü olduğunu düşündüyünü açıq şəkildə göstərib.

Merts ABŞ və İsrailin İrana hücuma başlamasından üç gün sonra Ağ Evə səfər edib. Kansler Moskvaya təzyiqin artırılmasının zəruriliyini izah etmək üçün xəritə və qrafiklər gətirsə də, Ağ Evin rəhbəri bunu geniş şəkildə müzakirə etmək istəməyib və hələ də “Rusiyanın güclü, Ukraynanın isə zəif olduğu” fikrində qaldığını bildirib. Həmsöhbətlərin sözlərinə görə, Vaşinqtonun Rusiya prezidenti Vladimir Putinə təzyiqi artırmağa hazır olduğuna dair də heç bir əlamət görünməyib.

Ağ Evdə isə bildirilib ki, ABŞ lideri hələ də danışıqların münaqişənin başa çatmasına gətirib çıxaracağına “ümid edir”. Onun fikrincə, son aylarda amerikalı danışıqlar aparanlar tərəfindən “böyük irəliləyiş” əldə olunub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qəzetə bildirib ki, Avropa sülh prosesinə kömək etmək istəmir. Onun sözlərinə görə, fevralda Moskvaya gələn Fransa prezidenti Emmanuel Makronun nümayəndəsi “heç bir müsbət siqnal gətirməyib”. Peskov hesab edir ki, avropalılar bütün səylərini “ukraynalıları müharibəni davam etdirməyə inandırmağa” sərf edir və bu, onların “öz gələcəkləri baxımından səhvdir”.

Martın əvvəlində Tramp bildirib ki, Ukraynadakı münaqişəni bitirməyin mümkünlüyünə inanır, lakin bunun üçün Moskva ilə Kiyev arasında dialoq qurulmalıdır. Onun sözlərinə görə, bəzən irəliləyişin olmamasına görə məsuliyyəti Putinin, bəzən isə Ukrayna prezidenti Volodimir Zelenskinin üzərinə qoyur.

Tramp deyib: “Bəzən birini, bəzən digərini günahlandırıram. Amma inanıram ki, bu münaqişə başa çatacaq.”