Millət vəkilləri bileti "qara bazar"dan alırdı
Ciddi təpkilərdən sonra artıq Naxçıvana gün ərzində 14-ə qədər təyyarə reysləri həyata keçirilir
“Azərbaycan Hava Yolları” (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə reyslərin sayını artırıb. Aviaşirkət reyslərin sayını gündə 10 dəfəyə qaldırıb. Bakı-Naxçıvan-Bakı istiqaməti üzrə tələbat çox olduğuna görə səyahət etmək istəyən sərnişinlərə aviabiletləri əvvəlcədən almaq tövsiyə edilib. Qeyd olunub ki, cari il ərzində AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 300 mindən çox sərnişin daşıyıb. Sərnişin axınının pik həddi bu ilin iyun və iyul aylarına təsadüf edir. Bu iki ay ərzində Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən çox reys iyunun 26-da (14 reys) və iyulun 6-da (13 reys) həyata keçirilib. Digər bir məlumata görə, Naxçıvanda biletlə bağlı yaradılan süni problem aradan qaldırılıb və AZAL Naxçıvandakı aviakassaları nəzarətə götürüb.
"TNS” informasiya agentliyinin baş redaktoru, naxçıvanlı jurnalist Tural Səfərov da "Sherg.az"a açıqlamasında problemin gündəmə gəlməsindən sonra AZAL-ın reyslərin sayını həqiqətən də artırdığını deyib. Jurnalist bildirib ki, gün ərzində 10-12, hətta 14-ə qədər təyyarə reysləri həyata keçirilir:
"Çatışmazlığın işıqlandırılması, məsələnin ictimailəşdirilməsi, millət vəkillərinin açıqlamaları problemin həllinə yol açdı. Hətta deputatlar Ülviyyə Həmzəyeva və Cəbi Quliyev "TNS"-a açıqlamalarında demişdirlər ki, onlar bileti "qara bazar"dan alıblar. Biz də o vaxt yazmışdıq ki, əgər millət vəkilləri bilet tapa bilmirsə, sadə vətəndaşların bilet tapmasından söhbət gedə bilməz. Xüsusən, Naxçıvandan Bakıya bilet tapmaq daha müşkül məsələyə çevrilmişdi. Orada bazar açmış, süni maneələr yaratmışdılar. Bundan sonra tədbirlər görüldü. Nəqliyyat və rəqəmsal inkişaf naziri, AZAL-ın Müşahidə Şurasının sədri Rəşad Nəbiyevin müdaxiləsindən sonra bu sahədə yaranmış ciddi problem aradan qaldırıldı. Naxçıvanlıların bilet problemi öz həllini tapdı. İndi Naxçıvan ərazisindəki aviakassalara AZAL tərəfindən nəzarət olunur. Yəni problem tam olmasa da, qismən aradan qaldırıldı. İndi bir neçə gün əvvəl səyahəti planlaşdırmaq, təyyarəyə bilet tapmaq mümkündür. Şəxsən öz ailə üzvlərimə, yaxınlarıma AZAL-ın saytından onlayn qaydada rahat şəkildə biletlər almışam".
T.Səfərov bəyan edib ki, qarşıdakı dönəmdə müəyyən problemlərin də olması mümkündür: "Nəzərə almaq lazımdır ki, indiki dövrdə gediş-gəliş çoxdur. Çox istərdik ki, xüsusilə yay aylarında reyslərin sayı azaldılmasın və vətəndaşlar istədikləri vaxt bilet tapa bilsinlər. Vasif Talıbov dövründəki zülm Naxçıvanı demək olar ki, boşaltmışdı. İnsanlar Naxçıvanı tərk etmək məcburiyyətində qalmışdılar və indi onlar öz yurdlarına, qohum-əqrəbalarının yanına gedib-gəlirlər. Bununla yanaşı, Naxçıvan Beynəlxalq Hava Limanının yenidən AZAL-ın tərkibinə qaytarılması istiqamətində də iş aparılır".