Moskva görüşü nəticəsiz başa  çatıb - TƏHLİL

 Qarabağ və sərhəd müzakirəsini arxa plana keçirmək cəhdi rusların marağındadır

  Mayın 25-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlər diqqət mərkəzində olub. 

Tərəflər bir həftədən sonra baş nazirlərin müavinlərinin üçtərəfli formatda görüşü barədə razılığa gəliblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, görüş uzun müddətdir haqqında danışılan bəzi məsələlərin praktik həlli üçün yaxşı proloqdur. Onun sözlərinə görə, məhz üçtərəfli formatda bir çox məsələlərə dair uğur əldə etmək mümkün olub: "2020-ci ilin payızında təkcə hərbi əməliyyatlar dayanmayıb, həm də iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadasının aradan qaldırılması, sərhədlərin delimitasiyası üzrə işlərə başlanılıb. Hələ də ümumilikdə kifayət qədər çətinliklərin və problemlərin olmasına baxmayaraq, hər halda vəziyyət nizamlanma istiqamətində inkişaf edir. Bu istiqamətlərdən biri nəqliyyat kommunikasiyaları ilə bağlı aparılan işdir. Üzbəüz üçlükdə kifayət qədər ətraflı şəkildə bu barədə danışdıq və hələ də tənzimlənməmiş məsələlər qalır". Qeyd edək ki, görüşün yekunları ilə bağlı ətraflı məlumat yayılmayıb. Rusiya baş nazirinin müavini, üçtərəfli işçi qrupun rusiyalı həmsədri Aleksey Overçuk Ermənistanla Azərbaycan arasında həll olunmamış texniki məsələlərdən danışarkən deyib ki, bunlar texniki, lakin çox vacib detallardır: "Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftə sonra Moskvada müzakirə edəcəyi suallardır". Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, dəyişmiş şərait yaxın gələcəkdə Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasına imkan verir. Lakin əsas məsələ zaman deyil, bütün məsələlərin yekun həllidir. Onun sözlərinə görə, Azərbaycan, Ermənistan və Rusiya nümayəndələri tərəflər arasında məsələləri müzakirə etmək üçün "gələn həftənin sonunda Moskvada" toplaşacaqlar: "Hər şeyi sona qədər yekunlaşdırmaq vəzifəsi yoxdur, çünki əsas hələlik yekun nəticədir, burada heç kim vaxtın dalınca getmir". Kreml sözçüsünün sözlərinə görə, “məhz bu səbəblərə görə, çətin ki, indi kimsə sülh müqaviləsinin imzalanmasının dəqiq tarixini proqnozlaşdıra bilsin”. 
  Ermənistanın hakim “Vətəndaş müqaviləsi” Partiyasının üzvü Vladimir Vardanyan isə bildirib ki, Azərbaycanla mümkün sülh müqaviləsinin ratifikasiyası uzun sürən proses olacaq. Lakin Vardanyan qeyd edib ki, rəsmi İrəvanla Bakı arasında sülh sazişinin mətninin razılaşdırılması prosesi davam edir və bütövlükdə bu prosesi müsbət qiymətləndirmək olar. 

  Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a bildirib ki, Moskvada keçirilən üçtərəfli görüşdə müzakirə mövzusu gözlənildiyi kimi, “Ermənistan ərazisi” oldu. Analitikin sözlərinə görə, görüşdə sülh sazişi ilə bağlı hansısa sənədlərin imzalanacağı gözlənilsə də, əsas gündəm regionda kommunikasiyanın açılması üzərində quruldu: 
"Cəmi 20 dəqiqə çəkən üçtərəfli görüşün yekun razılaşması “kommunikasiyanın açılması üzrə üçtərəfli işçi qrupu”nun gələn həftə görüşməsi oldu. Rusiyanın bu gedişinin birdən çox səbəbi görünür. Tərəflərin sülh sazişi üzrə fikir ayrılığını Moskva da həll edə bilməyib. Öz masasında müəyyən irəliləyiş üçün əsas diqqəti kommunikasiyanın açılmasına yönəldir. Tərəflərin Qarabağ və sərhəd müzakirəsini arxa plana keçirmək cəhdi rusların marağındadır. Çünki Qərb masasında müzakirə edilən bu məsələlərin praktiki formada həlli Moskvanın Qarabağda, ümumilikdə bölgədəki rıçaqlarını zəiflədir. Rusiya yekun razılaşma olmadan kommunikasiyanın açılmasına çalışır. Bununla regional əməkdaşlığı gücləndirəcəyini və Qərbin bölgəyə müdaxiləsini zəiflədəcəyini hesab edir. Moskva Ermənistanla quru yol bağlantılarını maksimum tez şaxələndirmək niyyətindədir. Hərçənd, Azərbaycandan Naxçıvana “maneəsiz keçid” razılaşmasının “dəhliz”, yoxsa, “yol” məntiqi ilə açılması mübahisəsi ümumilikdə kommunikasiyanın bərpasında əsas maneə olaraq qalır. Bakının Laçında post qurması İrəvanın Zəngəzurdan keçəcək yolun eyni rejimlə işləməsi arqumentini gücləndirən amildir". 

Ekspertin fikrincə, Moskva danışıqlarında diqqətçəkən məqamlar Ermənistanın önünə bu istəyinin əksinə olan anlaşma qoyulduğu ehtimalını ön plana çıxarır: 

"Nikolun aqressiyası da bu fikri gücləndirir. Burada iki məqam da həlledici ola bilər. Birincisi, Laçın və Zəngəzurun eyni rejimlə işləməsi, yəni sərhəd-keçid məntəqəsinin olması rusların hər iki yol nəzarət planına qarşıdır. Putin Paşinyanla görüşdə Laçın postuna qarşı olduğunu dilə gətirsə də, postun qurulması və sonrasındakı proseslər Rusiyanın bu reallığı qəbul etməyə məcbur olduğunu göstərir. Əsas məqamlardan biri də Putinin üçtərəfli görüşün açıq hissəsində “problemin terminologiyada” olduğunu deməsi idi. Mümkündür ki, İşçi qrupunun hazırladığı və hələ müzakirə mərhələsində olan sənəddə bunlar yer alıb. “Dəhliz terminologiyası”ndan imtina edilir. “Maneəsiz keçid” üzərində Ermənistanın istəklərini tam əhatə etməsə də, üç tərəfin uzlaşa biləcəyi məqamlar təqdim edilir. Tərəflərin görüşü ilə eyni gündə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Mehmet Samsarla üçtərəfli razılaşmaları müzakirə etməsi də diqqət çəkir. Bu, Moskvanın Ankaranı danışıqlarla bağlı məlumatlandırması, həm də Zəngəzur dəhlizinin açılmasında Türkiyənin də istəyinin nəzərə alındığı, Naxçıvana “maneəsiz keçid”in yaradılmasında Bakı və Ankaranın maraqlarının ön planda olduğu deməkdir".

  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirib ki, liderlərin Moskva görüşündən nəticə çıxmadı. Ekspertin sözlərinə görə, Avrasiya İqtisadi Birliyinin toplantısında Nikol Paşinyanla ölkə başçısı İlham Əliyev arasında yaşanan gərginlik üçtərəfli görüşə mənfi təsir etdi:

"Nikol Paşinyan dövlət başçısı İlham Əliyevin çıxışında səsləndirdiyi koridor ifadəsinə kəskin reaksiya verdi. Paşinyanın məntiqinə görə, guya, “Zəngəzur koridoru” ifadəsi Azərbaycanın Ermənistanın ərazisinə iddianı əks etdirir. “Laçın koridoru” isə nəzarətdə olmamalıdır. Prezident İlham Əliyev də cavabında dedi ki, “Zəngəzur koridoru” nəqliyyat yoludur və özündə Ermənistana qarşı ərazi iddiasını ehtiva etmir. Laçın yolunda isə sərhəd-keçid məntəqəsinin yaradılması Azərbaycanın müstəsna hüququdur və bu, 2020-ci il 10 noyabr bəyanatına zidd deyil. Nikol Paşinyan Moskvaya gəlmədən öncə Qarabağ daxil Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Önəmli olan budursa, Paşinyan nədən Moskvada dövlət başçısı İlham Əliyevin “koridor” sözünə sərt reaksiya verib? Böyük ehtimalla Paşinyan bu ifadəyə ona görə etiraz edib ki, Ermənistana qayıtdıqda radikal müxalifətin tənqidlərinə tuş gəlməsin. Ancaq Paşinyanın polemikası onun xeyrinə olmadı. Putin-Əliyev-Paşinyan üçtərəfli görüşü cəmi 20 dəqiqə çəkdi. Çünki bəlli oldu ki, liderlər hər hansı sənədi, hətta ümumi bəyanatı imzalamağa hazır deyillər. Putin sadəcə onu dedi ki, iki dövlət arasında nəqliyyat yolunun açılması prosesi sürətlənə bilər. Bir müddət sonra 3 ölkənin baş nazirlərinin müavinləri detalları müzakirə edəcəklər. Əlbəttə, bu məsələdə razılıq var, ancaq Ermənistan öz ərazisində dəmiryolunu bərpa etməyə tələsmir. Azərbaycan isə çalışmaları yekunlaşdırmaq üzrədir. Bütün hallarda Kreml Azərbaycanla Ermənistan arasında dəmiryolunun açılması ilə bağlı danışıqlar prosesini nəzarətdə saxlamaq istəyir. Halbuki bu məsələdə ölkə başçısı İlham Əliyevlə Nikol Paşinyan ilkin şifahi razılaşmanı Brüsseldə Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə əldə etmişdilər. Şifahi razılaşmada Beynəlxalq Gömrük Təşkilatının da işin içində olacağı bildirilmişdi. Kremlin buna etirazının olub-olmaması barədə məlumat yoxdur".