- TRIPP regionda nəqliyyat xəritəsini dəyişəcək, Moskvanın təsir imkanları azalır
Ermənistanın “Xristian-Demokrat” partiyasının sədri Levon Şirinyan Rusiyanın “Tramp marşrutu” (TRIPP) layihəsini pozmağa çalışdığını iddia edib: “Rusiyayönlü seqment ölkəni dağıtmaqla məşğuldur, dövlətə qarşı gizli şəkildə məkrli plan hazırlayır. Bunların bizim ölkəmizə nə aidiyyəti var, onlar kimdir?
Rusiyayönlü seqment - katolikos II Qaregin və Samvel Karapetyan kor bağırsaq kimidir. Bir gün partlaya bilər, onları “cərrahi yol”la götürmək lazımdır.
Moskvanın və onun dəstək verdiyi bu qüvvələrin məqsədi Ermənistanda hakimiyyəti devirməkdir. Rusiyadan nə qədər uzaq olsan, Allaha bir o qədər yaxın olarsan. Rusiya “Tramp marşrutu”nu pozmaq üçün bu layihəyə qoşulmaq istəyir. Rusiyanın “Tramp marşrutu”nda nə işi var? Onlar “Tramp marşrutu”nun içində peyin kimidirlər, layihəni korlamaq istəyirlər. Bal arılarının arasına qarışmış milçək kimi balın içinə girirlər”.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Üzeyir Mustafayev Sherg.az-a açıqlamasında bildirib ki, bu iddialar ilk növbədə, Ermənistanın dəmir yolu şəbəkəsinin faktiki olaraq Rusiya Dəmir Yollarının nəzarəti altında olması ilə bağlıdır. Politoloqun sözlərinə görə, Rusiya Dəmir Yollarının törəmə şirkəti olan Cənubi Qafqaz Dəmir Yolları Ermənistandakı dəmir yollarının konsessiya hüququna malikdir:

“Bu o deməkdir ki, Ermənistanda mövcud olan dəmir yollarının idarə olunması ilə bağlı məsələlər hüquqi baxımdan Rusiyanın nəzarəti altındadır. Müvafiq müqavilə 2008-ci ildə imzalanıb. Müqavilənin müddəti 30 il olsa da, o, 20+10 formatını nəzərdə tutur. Yəni 20 ildən sonra tərəflərdən hər hansı birinin istəyi ilə müqavilə şərtlərinə yenidən baxıla bilər. Müqavilənin dəyişdirilməsi, vaxtından əvvəl xitamı və ya idarəetmə modelinin yenilənməsi ayrıca hüquqi razılaşmalardan asılıdır. Müqavilənin ilk 20 illik müddəti 2028-ci ildə başa çatır. Düşünürəm ki, Nikol Paşinyan hökuməti həmin vaxt Ermənistanda dəmir yolları üzərində Rusiyanın nəzarətini ən azı azaltmağa çalışacaq. Hətta müqavilədən imtina edilməsi də gündəmə gələ bilər. Nikol Paşinyan konsessiya hüququnun üçüncü tərəfə məxsus başqa bir şirkətə ötürülməsi ilə bağlı da müəyyən açıqlamalar verib. O, həmin hüququn daha yüksək məbləğ müqabilində başqa şirkətə verilməsi məsələsini gündəmə gətirmişdi. Düşünürəm ki, 2028-ci ildə də oxşar ssenari ilə qarşılaşa bilərik. Təbii ki, burada söhbət Ermənistanın müqavilədən birdəfəlik imtina etməsindən deyil, müəyyən şərtlər və razılaşmalar çərçivəsində mövcud vəziyyəti dəyişdirməsindən də gedə bilər. Beləliklə, cəmi iki ildən sonra Rusiyanın Ermənistanın dəmir yolu şəbəkəsi üzərindəki nəzarəti ciddi şəkildə zəifləyə və ya tamamilə aradan qalxa bilər. Bir neçə gün əvvəl Rusiya Dəmir Yollarının rəhbəri Oleq Belozerov Ermənistana səfər edərək Nikol Paşinyanla görüşüb. Görüş zamanı bir sıra mühüm məsələlər müzakirə olunub. Müzakirə edilən mövzulardan biri də məhz konsessiya hüququnun gələcəyi ilə bağlı olub. Ermənistan hökumətinin məlumatına görə, tərəflər dəmir yollarının rəqabət qabiliyyətinin artırılması və idarəetmə problemlərinin həlli üçün birgə işçi qrupu yaratmaq barədə razılığa gəliblər. Bütün bunları nəzərə alaraq demək olar ki, Rusiya hazırda TRIPP layihəsinin dəmir yolu istiqamətinə müəyyən təsir göstərmək imkanına malikdir. Lakin bu imkanların yaxın iki il ərzində, xüsusilə də 2028-ci ildən sonra məhdudlaşması mümkündür”.
Ü. Mustafayevin fikrincə digər mühüm məqam Ermənistan və ABŞ-ın TRIPP layihəsinin həyata keçirilməsi məqsədilə birgə şirkət təsis etməsidir:
“Bu şirkət vasitəsilə layihəyə investisiyaların cəlb edilməsi və onların səmərəli idarə olunması nəzərdə tutulur. Bu baxımdan düşünürəm ki, TRIPP layihəsinin reallaşdırılması artıq Rusiyanın birbaşa təsir imkanlarından xeyli kənara çıxır. Bu bir həqiqətdir ki, TRİPP miqyasına və geosiyasi əhəmiyyətinə görə böyük bir layihədir. Onun həyata keçirilməsi Rusiya marşrutlarına alternativ tranzit yolunun formalaşması deməkdir. Eyni zamanda, layihə Azərbaycanın, Ermənistanın və Türkiyənin geosiyasi mövqelərinin güclənməsinə şərait yarada bilər. TRIPP, həmçinin Asiyadan Avropaya yük daşımalarını təmin edən Orta Dəhlizin əsas istiqamətlərindən birinə çevrilmək potensialına malikdir. Layihənin ilkin mərhələlərində həm Rusiyanın, həm də İranın ona qarşı sərt mövqeyi müşahidə olunurdu. İran hətta bəzi hallarda bu layihəni özünün «qırmızı xətti» kimi təqdim edirdi. Lakin mövcud reallıqlar onu göstərir ki, regionda yeni nəqliyyat və kommunikasiya əlaqələrinin qurulması zərurəti getdikcə artır. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin təmin edilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. TRIPP layihəsi də məhz belə bir əlaqənin yaradılmasını nəzərdə tutur”.
Politoloq hesab edir ki, bu layihə regional əməkdaşlığın genişlənməsinə və uzunmüddətli sülhün möhkəmləndirilməsinə töhfə verə bilər. Onun sözlərinə görə, TRIPP layihəsinin reallaşması Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında yeni mərhələ kimi qiymətləndirilməlidir:
“Azərbaycanın əsas ərazisi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçən nəqliyyat əlaqəsinin yaradılması iki ölkə arasında sülh quruculuğu baxımından mühüm addımdır və gələcək əməkdaşlıq üçün yeni imkanlar yaradır. Rusiya isə Cənubi Qafqazda vasitəçilik rolunu qoruyub saxlamaq istəyini nəzərə alaraq TRIPP layihəsinin həyata keçirilməsinə müxtəlif yollarla mane olmağa çalışır. Bununla belə, hesab edirəm ki, belə cəhdlərin layihənin reallaşmasına ciddi təsir göstərməsi ehtimalı yüksək deyil. Əvvəla, qeyd etdiyim kimi, dəmir yollarının idarə olunmasına dair konsessiya müqaviləsinin ilkin 20 illik müddətinin başa çatmasına cəmi iki il qalır. İkincisi, TRIPP Ermənistanın mövcud nəqliyyat infrastrukturunun idarə olunması mexanizmlərindən müəyyən dərəcədə fərqlənən, ABŞ-ın dəstəyi və maliyyələşməsi ilə həyata keçirilməsi nəzərdə tutulan layihədir. Ermənistan suveren dövlət kimi bu layihənin reallaşdırılması istiqamətində müstəqil qərarlar qəbul edə bilər. Bu baxımdan, Rusiyanın TRIPP layihəsinə qarşı siyasi təzyiq və bəyanatlar vasitəsilə təsir göstərməyə çalışması mümkündür. Lakin bu amillərin layihənin həyata keçirilməsinə həlledici maneə yaradacağını söyləmək çətindir”.