İngiltərə mətbuatı İranın yeni dini lideri ilə bağlı sensasiyalı iddia yayıb. "The Sun" qəzetinin yazdığına görə, Müctəba Xamenei ABŞ və İsrailin hücumları zamanı ağır yaralandıqdan sonra gizli əməliyyatla Rusiyaya aparılıb və əməliyyatın təşkilini Vladimir Putin şəxsən təklif edib.
Məlumata görə, Xamenei İranın sabiq ali dini lideri Əli Xameneinin oğludur və o, “yüksək məxfilik” şəraitində hərbi təyyarə ilə Moskvaya çıxarılıb. İddialara əsasən, o, Putinin prezident iqamətgahlarından birində yerləşən tibbi mərkəzdə əməliyyat olunub və əməliyyatın uğurlu keçdiyi bildirilir.
Lakin Xameneinin yaralanmasının miqyası ilə bağlı məlumatlar ziddiyyətlidir. Bəzi mənbələr onun yalnız ayağında sınıq və üzündə yüngül xəsarət olduğunu deyir, digərləri isə bir ayağını itirdiyini və ya komaya düşdüyünü iddia edir.
İran rəsmiləri bu xəbərləri təkzib edir. İranın xarici işlər naziri Abbas Araqçi Xameneinin sağlamlığının yaxşı olduğunu və vəzifəsinin başında olduğunu bildirib.
Məlumatlar hələlik rəsmi şəkildə təsdiqlənməyib və əsasən anonim mənbələrə əsaslanır.