Müharibə böyüsə, qaçqın dalğasının istiqaməti Azərbaycan olacaq - ANALİTİK

Savaşın 3 mümkün sonu görünür - rejim dəyişikliyi, kapitulyasiya və ya məcburi razılaşma

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı aparılıb. XİN-dən verilən məlumata görə, telefon danışığı zamanı regionda mövcud olan hərbi-siyasi vəziyyət, Yaxın Şərqdə artan gərginlik və təhlükəsizlik riskləri ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin mövcud çağırışlar fonunda daha da əhəmiyyət kəsb etdiyi qeyd edilib, iki qardaş ölkənin sıx koordinasiyasını davam etdirəcəyi vurğulanıb.

İranda baş verənlərin Azərbaycan və Türkiyəyə mümkün təsirləri haqqında "Sherg.az"a danışan politoloq Sultan Zahidov proseslərin təxminən bir aydır gözlənildiyini deyib:

"ABŞ-nin bölgəyə genişmiqyaslı hərbi kontingent yığması göstərirdi ki, danışıqların sonunda hər hansı bir hərbi əməliyyat ehtimalı yüksəkdir. Görünən odur ki, aparılan danışıqlar müəyyən mənada diqqəti yayındırmaq və Tehranı arxayınlaşdırmaq planının bir hissəsi olub.

İran uzun müddətdir ABŞ-nin hədəf taxtasındadır. İranın böyük həcmdə neft və qaz ehtiyatlarına malik olması Vaşinqtonun diqqətini cəlb edən amillərdəndir. Digər tərəfdən, İranın nüvə potensialı, ballistik raket proqramı və proksi qüvvələri İsrail üçün təhlükə olduğundan, ABŞ və İsrail birgə hərbi əməliyyat qərarı verdi.

Mövcud vəziyyət bütövlükdə region, o cümlədən qonşu ölkələr üçün ciddi risklər yaradır. İranın cavab zərbələri faktiki olaraq Yaxın Şərqin bir çox ölkələrini əhatə etdi. Bu isə gərginliyin bütün regiona yayılmasına səbəb olur. 

Hazırda Yaxın Şərqdə ticarət zəncirləri ciddi şəkildə pozulub. Logistika sistemi faktiki olaraq iflic vəziyyətindədir. Bir çox hava yolları uçuşları dayandırıb, insanlar getdikləri ölkələrdən geri qayıtmaqda çətinlik çəkirlər. Ticarət donub, turizm sektoru dayanıb. Bütün bunlar region ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir. Bu təsirlər təbii olaraq Azərbaycandan və Türkiyədən də yan keçmir".

Ekspert digər mühüm amilin mümkün qaçqın axını olduğunu bildirib: 

"Əgər müharibə daha da genişlənərsə, qaçqın dalğası qaçılmaz ola bilər. Bu halda qaçqınların əsas istiqamətlərindən birinin Türkiyə və Azərbaycan olması ehtimalı yüksəkdir.

Xüsusilə İran daxilində yaşayan etnik azərbaycanlıların vəziyyəti ayrıca narahatlıq doğurur. Onların təhlükəsizliyi və mümkün humanitar problemlər həm Azərbaycan, həm də Türkiyə üçün həssas məsələdir. Bu səbəbdən hər iki ölkə prosesləri diqqətlə izləyir.

Hazırkı mərhələdə qəti proqnoz vermək çətindir. Görünən odur ki, əməliyyatlar hələ bir müddət davam edəcək. Mövcud vəziyyət üzrə üç əsas ssenari mümkündür.

Birinci senari rejim dəyişikliyidir. Xüsusilə İsrail və ABŞ tərəfinin əsas məqsədinin bu olduğu ehtimal edilir. 

İkinci ssenari ondan ibarətdir ki, İran geri addım ataraq nüvə danışıqlarında qarşı tərəfin tələblərini qəbul edir, ballistik raket proqramını məhdudlaşdırır, proksi qüvvələrə dəstəyi dayandırır və nüvə proqramı üzrə ciddi öhdəliklər götürür. Bu isə faktiki olaraq İran üçün kapitulyasiya xarakteri daşıya bilər.

Üçüncü ssenari isə müəyyən müddətli intensiv hərbi mərhələdən sonra tərəflərin məqsədlərinin qismən yerinə yetirildiyini elan edərək əməliyyatları dayandırmasıdır. 

Bu üç ssenaridən hər hansı biri mümkündür. Hansının reallaşacağını isə proseslərin real inkişaf dinamikası müəyyən edəcək".