Psixoloqun sözlərinə görə, uşağı yönləndirdiyimiz istiqamət valideynin deyil, uşaqların öz seçimi olmalıdır
Musiqi və idman ən güclü tərbiyə vasitəsidir
Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Psixoloqun sözlərinə görə, uşağı yönləndirdiyimiz istiqamət valideynin deyil, uşaqların öz seçimi olmalıdır
Psixoloqun sözlərinə görə, uşağı yönləndirdiyimiz istiqamət valideynin deyil, uşaqların öz seçimi olmalıdır
Yay tətilində ən çox müzakirə edilən mövzulardan biri uşaqların asudə vaxtının təşkilidir. Zəmanə uşaqları üçün istirahət anlayışı televizor və telefon qarşısında oturub saatlarla cizgifilm izləmək, internet oyunları oynamaqdan ibarətdir. Övladının smartfon qarşısında çox vaxt keçirdiyini müşahidə edən valideynlər də haqlı olaraq övladına görə narahat olur. Onlar da uşaqların həyatına əyləncə və maraq qatmağın, fiziki və mənəvi cəhətdən gücləndirməyin yollarını axtarırlar. Mütəxəssislər isə hesab edir ki, məşğuliyyət, əmək zehni, düşüncəni, mənliyi, insanı tərbiyə edən, nizam-intizamı təmin edən ən güclü vasitədir. Bu baxımdan düzgün məşğuliyyətlər tapıb uşaqları daim yönləndirmək lazımdır.
Uşaq psixologiyasının düzgün formalaşmasında və fiziki-mənəvi inkişafında idman, musiqi və rəsm bacarıqlarının çox böyük rolu var. Valideyn olaraq birimiz uşağımızın hər hansı bir idman növü komandasında olmasına sevinir, çəkdiyi rəsmləri divarımıza asar və ya bir musiqi aləti çala bilməsi üçün kursa yazdırarıq. Əslində hamımız istəyirik ki, uşaqlarımızın həyatlarında idman, musiqi və rəsm olsun, bu fəaliyyətlərin verdiyi fürsətlərdən uşaqlarımız yararlansınlar. Uşaqların rəsm, musiqi və ya idmanla maraqlanmalarının onlara çox faydası var.
Musiqi çox gözəl və güclü tərbiyə vasitəsidir. Ona görə də bütün təhsil pillələrində - istər məktəbəqədər müəssisələrdə, istər musiqi məktəblərində, istərsə də orta və ali məktəblərdə musiqi düzgün tədris olunmalıdır. Bunun üçün isə tərbiyə, təlim və təhsil prosesi zamanı düzgün musiqi nümunələrinin seçilməsi əsasdır. Musiqi fəaliyyətinin bütün növləri – istər musiqi dinləmək, istər mahnı oxumaq, musiqili-ritmik hərəkətlər və s. xüsusi şəkildə şagirdin şüuruna, onun əxlaqına təsir göstərir. Çünki qüdrətli estetik tərbiyə vasitəsi olan musiqi uşaqların hisslərinə birbaşa təmas edir və onlarda musiqi zövqü aşılayır. Musiqi təhsili estetik tərbiyənin vacib hissəsidir. Məktəbəqədər yaşlı uşağın nitqinin inkişafına uşaq mahnıları vasitəsilə kömək edir. Bundan əlavə, uşağa musiqi fəaliyyəti ilə öz yaradıcılığını üzə çıxarmaq imkanı verir. Musiqi zehni, sosial bacarıq və qabiliyyətlərin inkişafına kömək edir. Musiqi təhsilinin mütaliə qabiliyyətinə də töhfə verdiyi açıq-aydın görünür. Dünyada aparılan araşdırmalara görə, dərs ilinin əvvəlində və sonunda oxu testinə məruz qalan ibtidai sinif şagirdləri arasında musiqi təhsili alanlar təhsil almayanlara nisbətən daha yaxşı nəticələr əldə edib. Musiqi təhsilinin müsbət təsiri oxumaqla yanaşı öyrənmə və yaradıcılıqda da özünü göstərir.
Musiqi ilə paralel olaraq uşaqların ən müxtəlif idman növlərinə də maraqlı olması vacib nüansdır. Valideynlər uşağın yerinə yetirdiyi fiziki hərəkətlərin düzgünlüyündən və ya səhvliyindən asılı olmayaraq, onu həvəsləndirməlidirlər. Bu zaman ailə şəraitində fiziki tərbiyənin inkişafına maneə qalmayacaq. Eyni zamanda bu sahədə hər hansı bir tapşırığı yerinə yetirərkən uşağın ustalığı təkmilləşir, nəticədə yeni bacarıq, vərdişlər qazanır. İdman uşağın özünə olan güvəninin, mənlik dəyərinin artmasını təmin edir. Uşaqlarda liderlik bacarığı formalaşdırır. Bu isə hər bir şəxsin həyatında önəmlidir və başqaları ilə qurduğu münasibətlər onda liderlik xüsusiyyətini inkişaf etdirir. Komanda oyunlarında bu, özünü xüsusilə göstərir. Uşaqda müsbət xarakterik xüsusiyyətlərin formalaşmasını təmin edir. Məsələn, voleybol, basketbol oyunu təkcə topa vurmaq deyil, eyni zamanda bu oyunu oynamağa başlayarkən uşaqda qaydalar, bölüşmək, münasibət qurmaq, vaxtdan səmərəli istifadə etmək kimi keyfiyyətlər formalaşdırır.
Uşaqlarda daha rahat dostluq qurmaq bacarığını inkişaf etdirir. Uşaqların fiziki görünüşlərinə də təsiri çoxdur. Fiziki qabiliyyətin hərtərəfli kamilliyinə, sağlamlığın möhkəmliyinə yönəldilmiş orqanizmin forma və funksiyasının ahəngdar inkişafını təmin edir.
Bütün bunlar isə gənclərin fiziki cəhətdən normal inkişafına nail olmaq, onlarda güc, davamlılıq, çeviklik və hərəkət cəldliyini tərbiyə etmək baxımından əhəmiyyətlidir.
Psixoloq Gülnarə Əliyevanın “Sherg.az”a açıqlamasına görə, asudə vaxtın səmərəli təşkili zamanı ilk növbədə uşağın yaşı və həmin yaş üçün uyğun olan aparıcı fəaliyyət növünü nəzərə almalıyıq: “Uşaqları müxtəlif məşğuliyyətlərə yönləndirməkdə əsas məqsəd uşağın şəxsiyyət kimi yetişməsinə, zəngin dünyagörüşünün formalaşmasına nail olmaqdır. Kiçik yaşlarından musiqi ilə məşğul olan uşaqlar böyüdükcə duyğularını, hisslərini daha yaxşı ifadə etmə, səslərdən, sözlərdən doğru şəkildə istifadə etmə bacarığına sahib ola bilirlər. Bədən quruluşunun, əzələ sisteminin formalaşması üçün rəqs növləri son dərəcə əhəmiyyətlidir. Kurslarda, dərnəklərdə keçilən məşğələlər uşaqların duyğusal inkişafını dəstəkləyir. Kollektiv içərisində özünənəzarət, ünsiyyət bacarığının inkişafına kömək edir. Bütün bunlar isə uşaqda özgüvən yaradır, özünü bir şəxsiyyət kimi tanımasına səbəb olur. Uşağın kiçik yaşlarından müxtəlif yaradıcılıq növləri ilə məşğul olması qavrama, düşünmə, qəraralma, seçim etmə, problem həll etmə kimi zehni bacarıqlarını formalaşdırır. Bu cür uşaqlar yaşıdlarından fərqlənir, sosial varlıq kimi özlərini daha tez dərk etməyə və ifadə etməyə başlayırlar. Məşğələlər incə motorikanın inkişafına çox böyük dəstək verir və uşaqların sosiallaşmasına, rahat ünsiyyət qurmasına səbəb olur".
Psixoloqun sözlərinə görə, uşağı yönləndirdiyimiz istiqamət valideynin deyil, uşaqların öz seçimi olmalıdır. Bəzən valideynlər uşaqlıqda etmək istəyib edə bilmədiklərini övladlarına aşılamaq, onları həmin sahəyə yönəltmək istəyirlər:
“Öyrənəcəyi musiqi alətindən tutmuş idman növünə qədər hər şeyi uşaqlar özləri seçməlidir. Eyni anda uşağı fərqli fəaliyyət bacarığı öyrədən kurslara aparmaq olar, lakin rəsmə marağı olan uşağı şahmata, rəqsə həvəsi olan uşağı idmana aparmaq olmaz. Uşağın hər şeydən bir az-bir az bilməsi üçün etdiyimiz bu addım onu bütün yaradıcılıq sahələrindən soyuda bilər. Belə uşaqlar heç bir sahədə özlərini tapa bilmirlər. Uşağın maraq obyekti onun daxili tələbatına uyğun yönləndirilməlidir”.