"Hazırda məmurların böyük əksəriyyəti təsadüfi insanlardır-biznesdən, özəl sektordan gəlirlər və onların dövlət xidmətinə yanaşması lazımi səviyyədə olmur"
Nəsimi rayonu icra başçısı ilə bağlı üzə çıxan korrupsiya qalmaqalı cəmiyyətdə suallar doğurub. Belə ki, məmur 47 gündən sonra tutduğu vəzifədən azad olunub. Bu, ölkədə məmur təyinatları ilə bağlı mövzuların yenidən gündəmə gəlməsinə səbəb olub. Paytaxtda baş verdiyi üçün daha tez ifşa olunan bu fakt əslində regionlarda da oxşar halların mövcud ola biləcəyini göstərir.
Ağ partiyanın sədri Tural Abbaslı Sherg.az-a açıqlamasında regionlarda da kifayət qədər icra başçıları və məmurların öz vəzifələrindən sui-istifadə etdiyini, göstərilən etimadı doğrultmadıqlarını söyləyib:
"Bu hadisə Bakıda yerləşən rayonlardan birinin icra başçısının əməlləri ilə bağlıdır. Güman edirəm ki, paytaxtda baş verdiyi üçün bu əməllər daha tez üzə çıxıb, daha çox diqqət cəlb edib və nəticədə həmin şəxs cəzalandırılıb. Amma mən əminəm ki, regionlarda da kifayət qədər icra başçıları və məmurlar var ki, öz vəzifələrindən sui-istifadə edir, göstərilən etimadı doğrultmurlar.
Cəmi bir ay əvvəl bu insanlar milyonlarla tamaşaçının gözü qarşısında Prezidentin etimadını doğruldacaqlarına, Azərbaycan, vətən və millət uğrunda əllərindən gələni edəcəklərinə söz veriblər. Amma cəmi 40-45 gün sonra mediada yayılan məlumatlara görə, iri məbləğdə rüşvət faktları səbəbindən vəzifədən kənarlaşdırıldılar.
Məşhur bir yazıçının dediyi kimi, ən müqəddəs qəlblərdə belə pisliyə, kibirə və hərisliyə yer tapıla bilər. İnsan faktoru varsa, bu cür hallar da təbiidir. Amma əsas məsələ ondadır ki, biz elə bir sistem qurmalıyıq ki, bu sistem özü düzgün məmurlar yetişdirsin. Təkcə kadrların hazırlanması yox, eyni zamanda effektiv nəzarət mexanizmləri də olmalıdır".
Partiya sədri bildirib ki, müxalifət də idarəçilik sisteminə buraxılmalıdır:
"Müxalifətin məmur seçimi, məmur rəqabəti və təyinat proseslərində rolu olmalıdır. Çünki rəqabət olarsa, daha layiqli şəxslər önə çıxar. Hazırda isə vəziyyət belədir: kimlərsə haradansa təqdim olunur, hansısa vəzifədə işləyir, sonra yenə kimlərinsə təqdimatı ilə yüksək posta təyin edilir. Amma dövlətçilik nədir, dövlətə xidmət anlayışı nədir-bunlardan xəbərsiz olurlar. Nəzarət mexanizmləri olmadığı üçün də vəzifəyə gəldikdən sonra istədiklərini edə bilirlər. Bu səbəbdən dəfələrlə vurğulamışıq ki, müxalifətin nəzarət mexanizmləri yaradılmalı, buna şərait təmin olunmalıdır. Eyni zamanda kadrların yetişməsi üçün siyasi partiya sistemləri möhkəmləndirilməlidir. Məsələn, mən həmin şəxsin tərcümeyi-halına baxdım: mebel şirkətində işləyib, ondan əvvəl başqa özəl sektorda fəaliyyət göstərib. Partiya fəaliyyəti demək olar ki, yoxdur, sadəcə Yeni Azərbaycan Partiyasının üzvü olub. Amma bu üzvlüyün nə qədər aktiv olduğu, idarəçilik təcrübəsinin səviyyəsi bilinmir.
Bu baxımdan hesab edirəm ki, məmurlar partiyalardan çıxmalı, partiya sistemindən yetişməlidir. Amma hazırda məmurların böyük əksəriyyəti təsadüfi insanlardır-biznesdən, özəl sektordan gəlirlər və onların dövlət xidmətinə yanaşması lazımi səviyyədə olmur.
Mən bu məsələni təkcə konkret bir şəxsin qüsuru kimi deyil, daha çox sistemin yanlış və qüsurlu işləməsi kimi qiymətləndirirəm. Partiya sistemləri möhkəmləndirilməli, demokratik institutlar normal fəaliyyət göstərməli və müxalifət dövlət idarəçiliyində təmsil olunmalıdır ki, real nəzarət mexanizmi yaransın".
Tural Abbaslı vəzifəsindən azad olunan məmurjn daha əvvəl Kürdəmir rayon icrabaşçısı olması məsələsinə də toxunub:
"Bu şəxs Bakıya gəlməzdən əvvəl Kürdəmir rayonunda da işləyib. Əgər eyni xarakterli insandırsa, deməli, orada da oxşar əməllər törədib. Sadəcə, sistem işləmədiyi üçün ifşa olunmayıb və nəticədə paytaxtda, strateji əhəmiyyətli bir rayona icra başçısı təyin edildikdə hər şey gün üzünə çıxıb.
Bu gün nə qədər məmur var ki, nəzarət mexanizmlərinin olmaması səbəbindən hələ də vəzifə başındadır. Sistemin dəyişdirilməsi üçün geniş ictimai, peşəkar və partiyalararası müzakirələr aparılmalı, məmurların seçimi və təyinatı ilə bağlı yeni, daha sağlam mexanizmlər müəyyənləşdirilməlidir".