"Bu zəhəri ölkəyə gətirənlər, burada yayanlar həbs olunmalı və ağır cəzaya məhkum edilməlidir"
Narkomaniya ailələri dağıdır. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentdə “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı bildirib ki, narkomaniya və toksikomaniya xəstələrinin sayının artması ailə institutunu zəiflədir. “Məruzədə qeyd edilir ki, son illərdə ölkədə narkomaniya və toksikomaniya xəstələrinin sayının artması narahatlıq doğurur. Bu xəstəliklər gənc nəslin fiziki və psixi inkişafına təhlükə yaradır, ailə institutunu zəiflədir, bütövlükdə əhalinin genofonduna mənfi təsir göstərir və gələcək nəsillərin sağlamlıq potensialı üçün ciddi problem yaradır”, - deyə Zahid Oruc qeyd edib.
Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, ictimai xadim Novella Cəfəroğlu “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Ombudsmanın hesabatı reallığa söykənir:
- Narkomaniya dəhşətli bəladır və millətin genofonduna çox zərər vurur. Onun qarşısını almaq üçün məktəblərdən başlamalıyıq. Psixoloqlar, hüquq-mühafizə orqanları, müəllimlər və valideynlərlə birlikdə bütün orta məktəblərdə görüşlər keçirilməlidir. Bəli, bu asan deyil. Amma müxtəlif üsullar var. Məsələn, çəkilişlər edib məktəbələrə göndərmək, nümayiş olunmasını təmin etmək olar. Dərslərdə və ya dərsarası. Bu, proflaktika baxımından faydalı olardı. Məktəblərdə şagirdlər həkim müayinəsindən keçirilsin, narkoloji testlər aparılsın. Ailələr bunu bilməlidir, uşağın narkotiklərə meyli var, istifadə edirmi? Televiziyalarda qısametrajlı filmlər yayınlanmalıdır. Lüt müğənniləri efirə çıxarmaqdansa bu cür filmlər, sosial çarxları tez-tez efirə versinlər. Televiziyalarımız maarifləndirmə missiyalarının da olduğunu unudublar. Dövlət orqanlarına bu məsələdə ən böyük dəstəyi qeyri-hökumət təşkilatları, ictimai təsisatlar verməlidir. Cəmiyyət bilməlidir ki, narkomaniya ağır bir xəstəlikdir və onunla mübarizədə bütün cəmiyyət səfərbər olmalıdır. Reabilitasiya mərkəzlərinin sayı artırılmalı, psixo-terapevtlər müalicə kurslarına cəlb olunmalıdır. Anonim müraciət xətləri çox olmalıdır ki insanlar kömək üçün çəkinmədən ora zəng edə bilsinlər. Cəmiyyətə bu fikir aşılanmalıdır, narkotik istifadəçiləri xəstədir, onlara kömək edilməlidir. Narkotik maddə satanlar həbs edilməlidir, istifadəçilər yox. Narkotik istifadəçisini tutub həbsə atmaqla narkomanların sayı azalmayacaq. Bu zəhəri ölkəyə gətirənlər, burada yayanlar həbs olunmalı və ağır cəzaya məhkum edilməlidir. Bütün orqanlar, təsisatlar, ümumən cəmiyyət birgə çalışmalıdır, çünki bu bəla hamının qapısını döyə bilər. Dövlətin marağındadır ki, cəmiyyət bu bəladan xilas olsun. Bunun üçün də profilaktika, reabilitasiya vacibdir. Narkomaniya bəlasına düçar olmuş şəxslərin həyat hekayələri tv-lərdə, mediada işıqlandırılmalıdır. Əlbəttə, ad çəkmədən, şəxsiyyəti açıqlamadan və alçatlmadan. Çəkilişlər zamanı bu insanların üzləri qətiyyən göstərilməməlidir. Anonimlik qorunmalıdır. Bu işləri birgə həyat keçirsək, cəmiyyət fəal olsa, elə bil ki hər kəs öz övladının gələcəyini qorumuş olacaq. Problemin həllində dünya ölkələrinin təcrübəsindən istifadə etmək əsasdır. Çox iş görmək olar, təki istək və iradə olsun.