“NATO necə ayaqda qalacaq?” -Emre Diner Ankara Zirvəsinin əsas sualından danışdı

  • Emre Diner: “Tarixçilər Ankara Zirvəsini NATO-nun ikinci Soyuq müharibəyə uyğunlaşdığı dönüş nöqtəsi kimi qiymətləndirəcəklər”

Ankarada keçirilən NATO Zirvəsi beynəlxalq təhlükəsizlik gündəminin ən mühüm hadisələrindən biri hesab olunur. Dəyişən geosiyasi şərait və artan regional münaqişələr fonunda keçirilən zirvə alyansın gələcək strateji istiqamətlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Burada müzakirə olunan məsələlər NATO-nun gələcək siyasətini və qlobal təhlükəsizlik sisteminin inkişaf istiqamətlərini müəyyən edən əsas amillərdən biri kimi qiymətləndirilir.

Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-a NATO zirvəsindən danışıb:

"Ankarada keçirilən 2026 NATO Zirvəsi təkcə növbəti liderlər toplantısı deyil. Bu zirvə NATO-nun Soyuq müharibədən sonrakı üçüncü böyük transformasiyasının başlanğıcıdır.

2024-cü ildə keçirilən Vaşinqton Zirvəsi və ardınca 2025-ci ildə baş tutan Haaqa Zirvəsindən sonra xüsusilə Ankara, alyansın yeni təhlükəsizlik arxitekturasının siyasi çərçivəsini formalaşdıracaq kritik dayanacaq halına gəlib.

Zirvənin rəsmi gündəliyində müdafiə xərcləri, müdafiə sənayesi istehsalı, Ukrayna, Rusiya və transatlantik yük bölgüsü yer alsa da, əslində pərdə arxasında daha böyük geosiyasi hesablamalar mövcuddur.

İlk növbədə NATO-nun ağırlıq mərkəzi dəyişir. Ankara Zirvəsinin ən mühüm nəticəsi NATO-nun təkcə "Rusiyanı əhatəyə alan alyans" olmaqdan çıxaraq çoxqatlı təhlükəsizlik təşkilatına çevrilməsidir.

Bununla yanaşı, yeni NATO artıq eyni vaxtda Rusiyanı çəkindirməyə, Çinin qlobal təsirini tarazlaşdırmağa, Yaxın Şərq böhranlarını idarə etməyə, enerji təhlükəsizliyini qorumağa, hibrid müharibələrə hazırlaşmağa, müdafiə sənayesini ortaq istehsal modeli ilə böyütməyə çalışır.

Bu səbəbdən Ankara Zirvəsi NATO-nun hərbi olduğu qədər iqtisadi və texnoloji alyansa çevrilməsini də simvolizə edir".

Ekspert qeyd edib ki, ikinci məqam Türkiyənin ilk dəfə alyans daxilində mərkəzə yerləşməsidir:

"Xatırladım ki, 2004-cü ildə keçirilən İstanbul Zirvəsinə Türkiyə ev sahibliyi etdi. 2026-cı il Ankara Zirvəsində isə Türkiyə yalnız ev sahibi deyil, eyni zamanda böhranların həllində əsas aktor mövqeyindədir.

Bunun başlıca səbəblərini ifadə etməliyəm. Çünki Türkiyə Qara dənizə çıxışı olan ölkədir. Eyni zamanda Rusiya ilə danışa bilir, Ukrayna ilə əməkdaşlıq edir, İsraillə böhranları idarə edir, İran dosyesini izləyir. Türkiyə Suriyanın şimalında faktiki olaraq mövcuddur, Qafqazda təsirlidir və eyni zamanda Afrika açılımı həyata keçirir.

NATO daxilində bu qədər geniş coğrafiyada eyni vaxtda təsir göstərə bilən başqa müttəfiq yoxdur.

Bütün bu mühüm arqumentlər Ankara Zirvəsinin Türkiyənin "cinah ölkəsi" olmaqdan çıxaraq "mərkəz ölkə" mövqeyinə yüksəldiyini göstərir.

ABŞ Prezidenti Donald Tramp amili zirvənin əsl müəyyənedicisidir. Zirvənin ən kritik mövzusu əslində Donald Trampdır.

Trampın əsas mesajını da düzgün oxumaq lazımdır. O deyir ki, Avropa öz təhlükəsizliyinin daha böyük hissəsini özü üzərinə götürməlidir.

Məhz buna görə müdafiə xərclərinin artırılması, ortaq silah istehsalı, Avropanın daha çox məsuliyyət daşıması zirvənin əsas istiqamətini təşkil edir. NATO ölkələri də bunu nümayiş etdirmək məqsədilə milyardlarla dollarlıq ortaq müdafiə layihələri elan edirlər".

Analitik qeyd edib ki, bu yanaşma NATO-nun gələcəyində ABŞ-nin "lider", Avropanın isə "daha çox yük daşıyan tərəfdaş" roluna keçdiyini göstərir:

"Digər tərəfdən, müdafiə sənayesi zirvənin gizli ulduzudur. Bu zirvənin klassik diplomatiya zirvəsi olmadığını deməyimin səbəbi də budur.

Zirvə boyunca əsas diqqət çəkən məqamlar ortaq sursat istehsalı, hava hücumundan müdafiə sistemləri, erkən xəbərdarlıq təyyarələri, pilotsuz uçuş aparatı texnologiyaları və ortaq təchizat mexanizmləridir.

Rusiya-Ukrayna müharibəsi ilə İran böhranı NATO ehtiyatlarının nə qədər sürətlə tükəndiyini göstərdi. Ankarada artıq müzakirə olunan mövzu müharibənin özü deyil, "müharibəyə hazırlıq üçün istehsal gücüdür.

Bu zirvədə Ukraynaya dəstək davam edəcək, lakin üsul dəyişir. Ankarada Ukraynanın NATO üzvlüyündən daha çox uzunmüddətli silah dəstəyi, təlim, maliyyələşdirmə və ortaq istehsal ön plana çıxır.

Avropanın milyardlarla avroluq yeni yardım paketləri də bu yanaşmanı dəstəkləyir.

Yaxın Şərq mövzusuna baxdıqda isə görürük ki, Yaxın Şərq artıq NATO gündəminin daimi hissəsinə çevrilib. Xüsusilə İran-İsrail müharibəsi NATO üçün mühüm dərs oldu. Artıq NATO yalnız şərq cinahını deyil, Şərqi Aralıq dənizini, Qırmızı dənizi, Hörmüz boğazını, enerji nəqli xətlərini və kibermühafizə infrastrukturunu da təhlükəsizlik planlaşdırmasının ayrılmaz hissəsi kimi qiymətləndirir".

Müsahibimiz Türkiyə baxımından zirvənin çoxsaylı mümkün qazancları olacağını vurğulayıb:

"Ankara Zirvəsindən sonra ABŞ ilə müdafiə münasibətlərində yeni səhifənin açılması, proqramına qayıdış müzakirələrinin yenidən gündəmə gəlməsi, Avropanın müdafiə layihələrində Türkiyənin daha görünən rol üstlənməsi, müdafiə sənayesi ixracının artması, Qara dəniz təhlükəsizliyində Türkiyənin mövqeyinin güclənməsi kimi mühüm qazanclar gözlənilir. Nəticə etibarilə Ankara NATO Zirvəsinin tarixi əhəmiyyəti qəbul ediləcək ayrı-ayrı qərarlardan daha böyükdür.

Bu zirvə NATO-nun Avropa mərkəzli quruluşdan qlobal təhlükəsizlik şəbəkəsinə çevrilməsini, ABŞ-nin yük bölgüsü strategiyasını, Avropanın yenidən silahlanmasını, müdafiə sənayesinin alyansın mərkəzinə yerləşməsini, Türkiyənin isə alyansın cənub cinahındakı əvəzolunmaz strateji aktor mövqeyini eyni anda ortaya qoyur".

Emre Dinerin fikrincə tarixçilər gələcəkdə 2026 Ankara Zirvəsini "NATO-nun ikinci Soyuq müharibə dövrünə institusional şəkildə uyğunlaşdığı zirvə" kimi qiymətləndiriləcək:

"Zirvə qarşıdakı on ilin təhlükəsizlik arxitekturasını formalaşdıra biləcək dönüş nöqtələrindən biri olmaq potensialına malikdir. Zirvədə ən mühüm isə budur: Ankarada müzakirə olunan məsələ təkcə Rusiya deyil, çoxqütblü dünyada "NATO-nun necə ayaqda qalacağıdır".