Naxçıvanda hakimiyyət bölgüsü prinsipi bərpa olunur - Dövlət suverenliyi güclənir

Ali Məclisin sədri qanunvericiliyə, icra hakimiyyəti ayrıca şəxsə veriləcək

Heydər Oğuz: Qars və Moskva müqavilələrinə istinadlar preambuladakı qeyri-müəyyənliyi aradan qaldırdı

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən son dəyişikliklər ölkə ictimai-siyasi mühitində geniş müzakirələrə səbəb olub. Dəyişikliklər yalnız hüquqi texniki düzəlişlər kimi deyil, həm də idarəetmə sisteminin təkmilləşdirilməsi, mərkəzi və yerli hakimiyyət institutları arasında əlaqələrin gücləndirilməsi və dövlət idarəçiliyində vahid mexanizmlərin formalaşdırılması baxımından qiymətləndirilir.

Xüsusilə preambulada beynəlxalq müqavilələrə istinadların çıxarılması, Prezidentin səlahiyyətli nümayəndəliyi institutunun təsbit edilməsi və idarəçilik modelində aparılan yeniliklər muxtar respublikanın gələcək statusu və funksiyaları ilə bağlı siyasi və hüquqi müzakirələri yenidən aktuallaşdırıb.

Siyasi şərhçi Heydər Oğuz “Sherg.az”a açıqlamasında deyib ki, dəyişikliklər hələ yeni qəbul olunduğu üçün onların praktik nəticələrini dərhal görmək mümkün deyil. Lakin hüquqi və institusional yeniliklərin təsiri adətən mərhələli şəkildə ortaya çıxır və zaman keçdikcə idarəetmə mexanizmlərində, qərarların icrasında və dövlət qurumları arasında koordinasiyada daha aydın hiss olunur.

Bu baxımdan aparılan düzəlişlərin real müsbət nəticələrinin orta və uzun müddətdə özünü daha qabarıq şəkildə göstərəcəyi gözlənilir. H. Oğuzun sözlərinə görə, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilən son düzəlişlər Azərbaycanın dövlət suverenliyinin daha da möhkəmləndirilməsinə xidmət edir:

“Əslində bu dəyişikliklərə ciddi ehtiyac var idi və məsələni hələ Vasif Talıbovun rəhbərliyi dövründə dəfələrlə gündəmə gətirmişdim. Əvvəlki müddəaların bir qismi faktiki olaraq Naxçıvanda qapalı və mərkəzdən nisbətən kənar idarəçilik modelinin formalaşmasına şərait yaradırdı. Ölkənin vahid siyasi və hüquqi xəttindən fərqli yanaşmaların mövcudluğu isə arzuolunan hesab edilə bilməzdi. 

Əvvəla onu deyim ki, Naxçıvan Konstitutsiyasına edilən ən vacib dəyişiklik  Moskva və Qars müqavilələrinə istinadların çıxarılmasıdır. Əslində Naxçıvan Konstitutsiyası nə Qars, nə də Moskva müqaviləsinə əsaslanmırdı. Qars müqaviləsində Naxçıvana ərazi muxtariyyətliyinin verilməsi qeyd edilmişdi, dövlət muxtariyyətliyinin verilməsi yox. Bu səbəbdən preambuladan həmin müqavilələrə istinadın çıxarılması Naxçıvanın muxtar statusunun avtomatik ləğvi demək deyil. Bu statusun dəyişdirilməsi və ya ləğvi yalnız ümumrespublika səviyyəsində konstitusion dəyişikliklər yolu ilə mümkündür.

Tarixi şərait nəzərə alındıqda, Naxçıvana muxtariyyət verilməsi də dövrün siyasi reallıqları ilə bağlı idi və regionda təhlükəsizlik balansının qorunması məqsədilə irəli sürülmüş model idi. Türkiyə tərəfindən irəli sürülmüş bir təklif idi. Lakin müasir mərhələdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa olunduğu şəraitdə muxtariyyətin beynəlxalq müqavilələrə istinadla əsaslandırılmasına praktiki ehtiyac qalmır.

Bilirsiniz ki, bu müqavilədə 5 dövlətin imzası var. Qars müqaviləsinin bir neçə dövlət tərəfindən imzalanması və sənəddə müəyyən zəmanət mexanizmlərinin mövcudluğu zaman-zaman müxtəlif hüquqi və siyasi interpretasiyalara səbəb olurdu. Bu isə bəzi hallarda Naxçıvanın statusunun guya xarici təminat altında olması kimi yanlış yanaşmaların formalaşmasına yol açırdı. Preambuladan həmin istinadların çıxarılması məhz bu qeyri-müəyyənlikləri aradan qaldırmağa, Naxçıvanın hüquqi statusunun yalnız Azərbaycan Respublikasının konstitusion sistemi ilə müəyyənləşdiyini daha aydın şəkildə ifadə etməyə xidmət edir. Konstitusiyanın preambulasından bu maddələrin çıxarılmasını mən təklif etdiyim zaman bir çox ziyalılar bunun zəruri olmadığını düşünərək əks mövqedə idilər. Lakin nəticələr göstərir ki, Azərbaycanın siyasi iradəsi bu məsələdə mənim təklifimin əsaslı və vaxtilə aktuallığını doğru qiymətləndirmişdir. Bu addım həm hüquqi baxımdan, həm də dövlət suverenliyinin gücləndirilməsi baxımından doğru və məqsədəuyğun olub”.

H. Oğuz qeyd edib ki, Konstitusiyadan çıxarılan digər mühüm müddəalar idarəetmənin mərkəzləşdirilməsi və səlahiyyətlərin bölünməsi prinsipi ilə bağlıdır:

“Daha əvvəl Naxçıvan Ali Məclisinin sədri eyni zamanda icraedici hakimiyyətin də faktiki rəhbəri kimi çıxış edirdi. Bu isə klassik hakimiyyət bölgüsü prinsipinə uyğun deyildi. Normal hüquqi modeldə qanunverici orqan, icraedici hakimiyyət və məhkəmə sistemi ayrı-ayrı şəxslər və institutlar tərəfindən idarə olunmalıdır.

Ali Məclisin sədri qanunvericiliyə rəhbərlik etməli, icra hakimiyyətinin başçısı isə ayrıca təyin olunmalı, məhkəmə hakimiyyəti isə tam müstəqil fəaliyyət göstərməlidir. Naxçıvanda isə uzun müddət faktiki olaraq bir mərkəzdə cəmlənmiş idarəetmə formalaşmışdı və hətta məhkəmə sisteminə rəhbərlik edən şəxslərin təyin olunmasında belə eyni siyasi iradə həlledici rol oynayırdı. Hüquqi baxımdan bu, hakimiyyət bölgüsü prinsipinin pozulması demək idi. Son dəyişikliklər məhz bu praktikanın mərhələli şəkildə aradan qaldırılmasına, institutların funksional ayrılmasına və idarəetmənin daha balanslı qurulmasına yönəlib.

Təcrübə göstərir ki, hər hansı ölkədə sosial və iqtisadi problemləri zamanla həll etmək mümkündür. Lakin dövlət suverenliyinin hüquqi əsasları qeyri-müəyyən olduqda, uzunmüddətli inkişaf və sabitlik də risk altına düşür. Bu baxımdan Naxçıvanda aparılan islahatlar yalnız inzibati xarakter daşımır, həm də dövlətçilik baxımından strateji əhəmiyyət kəsb edir. İdarəetmə sistemindəki dəyişikliklərin davamı kimi, köhnə idarəçilik modelinə uyğunlaşmış kadrların yenilənməsi və hüquqi islahatlara uyğun institusional kadr siyasətinin həyata keçirilməsi də zəruri görünür.

Eyni zamanda məqsəd Naxçıvanda tətbiq olunan idarəetmə mexanizmlərinin ölkənin digər bölgələri ilə hüquqi və inzibati baxımdan uyğunlaşdırılmasıdır. Vahid idarəçilik standartlarının tətbiqi həm hüquqi aydınlıq yaradar, həm də dövlət institutlarının fəaliyyətində paralelliyi aradan qaldırar.

Muxtariyyət məsələsi ilə bağlı müzakirələr də bu kontekstdə qiymətləndirilir. Muxtar respublikanın idarəetmə strukturunun həddindən artıq geniş olması, ayrı-ayrı sahələr üzrə çoxsaylı nazirlik və vəzifələrin mövcudluğu idarəetmənin səmərəliliyi baxımından tez-tez suallar doğurur. Bu səbəbdən gələcəkdə statusun və idarəetmə modelinin optimallaşdırılması ilə bağlı müzakirələrin davam etməsi istisna deyil. Məqsəd hər hansı formal fərqliliyi qorumaq deyil, idarəetmənin effektivliyini artırmaq və dövlətin vahid hüquqi məkanını daha da möhkəmləndirməkdir”.