ABŞ-nin İrana zərbəsi qərar yox, ehtimal səviyyəsindədir - ANALİTİK

Trampın bir qərarı regionu alovlandıra bilər, son söz Ağ Evdədir

ABŞ ilə İran arasında artan gərginlik Yaxın Şərqdə yeni hərbi qarşıdurma ehtimalını yenidən aktuallaşdırıb. Vaşinqtonun qısa müddətdə regiona əlavə qırıcı təyyarələr, hərbi yük aviasiyası və təyyarədaşıyan zərbə qrupları göndərməsi beynəlxalq mediada ciddi müzakirələr doğurub. Qərb analitikləri baş verənləri 2003-cü ildə İraqa müdaxilə ərəfəsindəki hərbi hazırlıq mərhələsi ilə müqayisə edir və bunun sadəcə təhlükəsizlik tədbiri olmadığını bildirirlər.

Qeyd edək ki, ABŞ son bir neçə gün ərzində Yaxın Şərqə təxminən 70 hərbi yük təyyarəsi və 50 qırıcı təyyarə göndərib. Oman körfəzində bir təyyarədaşıyan gəmi yerləşdirilib, ikinci belə zərbə qrupu isə Aralıq dənizinin İsrail sahilləri yaxınlığında olacaq.

ABŞ Ordusunun Mərkəzi Komandanlığının (CENTCOM) keçmiş komandan müavini admiral Bob Harvard hesab edir ki, ABŞ-nin Yaxın Şərqdə misli görünməmiş hərbi texnika yerləşdirməsi sadəcə nümayiş xarakteri daşımır, əksinə, diplomatiya uğursuz olacağı təqdirdə Vaşinqtonun İrana sürətli və genişmiqyaslı zərbə endirmək üçün əməliyyat qabiliyyətini göstərir.

Admiral Vaşinqtonun nüvə silahı ilə təchiz olunmuş İrana dözməyəcəyini vurğulayıb:

“ABŞ hazırda hərbi əməliyyat üçün zəruri avadanlığı yerləşdirib. Əgər nüvə proqramı və ballistik raketlərlə bağlı məqsədlərinə nail ola bilməsə, hərəkətə keçməyə hazırdır”.

Bob Harvard ABŞ-nin İran hökumətini bir neçə saat ərzində devirməyə qadir olduğunu qeyd edib. 

Siyasi şərhçi, Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Sherg.az”a açıqlamasında ABŞ-ın həftəsonu İrana zərbə endirmək imkanını araşdırması ilə bağlı yayılan məlumatların geosiyasi baxımdan ciddi siqnal olduğunu deyib. Lakin ekspertin fikrincə indiki mərhələdə məsələ qərar yox, ehtimal səviyyəsində qiymətləndirilir: “Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ administrasiyası İranla bağlı artan gərginlik fonunda hərbi variantı masada saxlayır. Bu, Vaşinqtonun klassik təzyiq strategiyasının tərkib hissəsidir: diplomatik danışıqlar paralelində hərbi güc nümayişi. Lakin “imkanın araşdırılması” avtomatik olaraq əməliyyat qərarı demək deyil.

Eyni zamanda prosesdə bir neçə faktor da ciddi əhəmiyyət daşıyır. Birincisi, ABŞ-ın bölgədəki hərbi mövcudluğu və Pentagon tərəfindən alternativ ssenarilərin işlənməsi texniki baxımdan zərbənin mümkün olduğunu göstərir. ABŞ ordusu belə əməliyyatları planlaşdırma baxımından qısa müddətdə icra edə biləcək imkanlara malikdir. İkincisi, son qərar yalnız prezident səviyyəsində verilir. Əgər hazırkı administrasiyanın rəhbəri kimi Donald Trump hərbi əməliyyata siyasi təsdiq verməsə, planlar kağız üzərində qalır. ABŞ-da belə qərarlar daxili siyasi balans, Konqres reaksiyası və seçki faktorları ilə də ölçülür”.

V. Zifəroğlunun fikrincə İranla dolayı və ya birbaşa təmasların davam etməsi (xüsusilə Jeneva platformasında aparılan danışıqlar fonunda) hərbi eskalasiyanın hələ alternativsiz olmadığını göstərir. Diplomatik kanal tam bağlanmayıbsa, Vaşinqton adətən hərbi variantı son mərhələyə saxlayır:

“İran ABŞ zərbəsinə simvolik yox, cavab xarakterli reaksiya verə bilər. Bu isə yalnız iki ölkə arasında məhdud əməliyyatla bitməyərək regional genişlənmə riskini artırar – Hörmüz boğazı, İsrail faktoru, Körfəz ölkələri və enerji bazarları dərhal təsir altına düşər”.