Nə İran Vaşinqtona inanır, nə də ABŞ Tehrana etimad göstərir - ŞƏRH

  • “ABŞ-nin qarşısına qoyduğu birinci hədəf İranın hazırkı dini lideri Müctəba Xamneinin yerini müəyyən edib aradan götürməkdir"

Yaxın Şərq hazırda heç olmadığı qədər sükuta qərq olub. ABŞ və İran arasındakı şiddətli qarşıdurma yerini soyuq danışıqlara verib. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və razılaşmaya ümidli olduğunu bəyan edib.

Lakin mövcud vəziyyət danışıqların hələ də ümid mərhələsində sıxılıb qaldığını göstərir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu prosesi problemlərin həlli deyil, ABŞ-nin regiondakı bazalarını gücləndirmək üçün vaxt qazanmaq manevri hesab edir. Diplomat, ABŞ-nin danışıqlara yanaşmasını teatr tamaşasına bənzədib. Onun sözlərinə görə, İran ABŞ-nin hədələrindən qorxmur. Tərəflər arasında fiziki müdaxilə bitsə də, "informasiya cəbhəsində" qarşılıqlı ittihamlar səngimək bilmir. Tramp Qalibafa cavabında, ABŞ-nin sursat ehtiyatının əla vəziyyətdə olduğunu açıqlayıb. Hazırda bütün diqqətlər bu dilemmanın diplomatik razılaşma, yoxsa qanlı qarşıdurma ilə nəticələnəcəyinə yönəlib.

Mövzu ilə bağlı politoloq Xəyal Bəşirov Sherg.az-a bildirib ki, ABŞ və İranın ikitərəfli danışıqları davam etdirdiyini göstərməsi sadəcə görüntü xarakteri daşıyır:

"Əslində, nə İran Vaşinqtona inanır, nə də ABŞ Tehrana etimad göstərir. Dərin kök salmış qarşılıqlı etimadsızlıq hər iki tərəfi imkan yaranan kimi müdafiə qabiliyyətini artırmağa təhrik edir. Tərəflər arasında hansı danışıqlardan söhbət gedə bilər axı? Heç kim əvvəlki şərtindən geri çəkilmək istəmir. İran tərəfi nə Hürmüz boğazındakı mövqelərindən və proksi qüvvələrindən əl çəkmək, nə də zənginləşdirilmiş uranı təhvil vermək istəyir. İraqda “Həşdi-Şabi” ilə bağlı gərginlik və Bab əl-Məndəbdəki addımlar tərəflərin danışıqlara rəğmən mövqelərini yumşaltmadığını, əksinə, eskalasiyanı dərinləşdirdiyini göstərir. Hətta Qərbin aparıcı media qurumları və hərbi ekspertləri də ABŞ-nin hava hücumundan müdafiə ehtiyatlarının kəskin azaldığını etiraf edirlər. Çünki ABŞ İranın ucuz dronlarını və raketlərini zərərsizləşdirmək üçün dəyəri milyon dollarla ölçülən hava hücumundan müdafiə raketlərini sərf etmək məcburiyyətində qalır”. 

Politoloqun sözlərinə görə, məsələ yalnız Yaxın Şərqdəki obyektlərin təchizatı ilə bitmir:

“ABŞ-nin dünyanın 80-dən çox ölkəsində yerləşən 750-dən artıq hərbi bazasının hər biri resurs tələb edir. Vaşinqtonun Yaxın Şərqdəki hədəflərinə çatması üçün lazımi silah arsenalı ciddi şəkildə zəifləyib. Qalibafın da qeyd etdiyi kimi, yaranan fasilə ABŞ üçün bölgədəki hərbi bazaların təchizatını bərpa etmək üçün vaxt qazandırır. Amma prosesə təsir edən fərqli bir amil də var. Hazırda nə müharibə öz məntiqi axarı ilə davam edir, nə də danışıqlar. ABŞ da ordunu regiondan geri çəkmir. Bu onu göstərir ki, nəyisə gözləyirlər”. 

X.Bəşirov onu da qeyd edib ki, verilən fasilə fırtına öncəsi sakitikldir:

“ABŞ-nin qarşısına qoyduğu birinci hədəf İranın hazırkı dini lideri Müctəba Xamneinin yerini müəyyən edib aradan götürməkdir. Tramp nifrətlə aradan qaldırdığı adamın oğlunun ali rəhbər olmağı ilə barışa bilmir. Vaşinqtonun vaxt qazanmağa çalışmasının arxasında duran digər səbəblərdən biri də NATO müttəfiqlərini proseslərə qoşulmasını təmin etməkdir. Ukraynanın Xəzərdə İrana məxsus gəmini vurmağı da ABŞ-nin oyunu idi. Hər kəs İranın Ukraynaya cavab verməyini gözləyirdi. İran bunun ABŞ tərəfindən qurulmuş oyun olduğunu dərk edib, tələyə düşmədi. SEPAH Ukraynanı hədəf alsaydı, NATO qoşulmasa da, hansısa formada ABŞ-yə dəstək olmağa başlayacaqdı. İran manevr elədi. Prosesləri Ukraynadan təzminat tələb etməklə yekunlaşdırdı”.

Müsahibin qənaətincə, İran rəsmiləri fərqindədirlər ki, NATO-nun dəstəyi Vaşinqtona İrana qarşı sarsıdıcı hərbi üstünlük və dağıdıcı güc tətbiq etmək imkanı verəcək:

“ABŞ-nin Ukrayna üzərindən qurduğu plan baş tutmadı. Hazırda masada NATO ölkələrini münaqişəyə cəlb etməyə hesablanmış alternativ planlar var. Yəni, ABŞ molla rejimini yıxana qədər İrandan əl çəkən deyil. Lakin Vaşinqtonun bu vəziyyətə nə dərəcədə tab gətirəcəyi sual altındadır. Məhz bu səbəbdən ABŞ-nin dəstəyə ehtiyacı var. Maraqlıdır ki, İsrail də proseslərdən nisbətən kənarda qalıb. Çünki ərazicə kiçik olan İsrailin müharibəyə qoşulması müttəfiqi ABŞ-yə sadəcə ayaq bağı olur”.