Netanyahu etirazlara görə Nyu-York səfərini qısaldır

İsrail Baş naziri Binyamin Netanyahu BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün ABŞ-a səfəri zamanı Nyu-Yorkda cəmi bir neçə saat qalacaq.

Sherg.az xəbər verir ki, İsrailin “Yedioth Ahronoth” qəzeti Netanyahunun Nyu-Yorkda keçiriləcək etiraz aksiyalarından narahat olduğu üçün səfər proqramını dəyişdirdiyini yazıb.

Məlumata görə, Netanyahu Baş Assambleyada çıxış etdikdən sonra həmin gün axşam İsrailə qayıdacaq. Onun Nyu-Yorkdakı Con Kennedi hava limanı əvəzinə Nyu-Cersidəki hərbi hava limanlarından birinə və ya Nyuark hava limanına enməsi planlaşdırılır.

Netanyahunun Texasda İlon Maskla planlaşdırılan görüşünün də ləğv edildiyi bildirilir. İsrail rəsmilərindən biri görüşün koordinasiyadakı çətinliklər səbəbindən baş tutmayacağını bildirib.

Netanyahunun ABŞ Prezidenti Donald Trampla görüşünün nəzərdə tutulmadığı, dövlət katibi Marko Rubio ilə görüşünün isə mümkün olduğu qeyd edilir.

“Yedioth Ahronoth” həmçinin Netanyahunun BMT-dəki çıxışının əsasən İrana həsr olunacağını və çıxış zamanı nümayəndələrin etiraz olaraq zalı tərk etməsinə hazırlaşdığını yazıb.