İsrail Baş naziri Binyamin Netanyahu İsrail ordusunun Qəzzada mülki şəxsləri necə hədəfə aldığını göstərən “NAZA” sənədli filmi ətrafında müzakirələr davam edərkən İsrail əsgərlərini “qaralayanların” vətəndaşlıqdan çıxarılması üçün qanun layihəsi təqdim edəcəyini açıqlayıb.
Sherg.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Netanyahu İsrail Baş nazirlik ofisinin yaydığı video müraciətində üç hadisənin İsrail ordusuna ciddi zərər vurduğunu iddia edib.
Netanyahu Demokratlar Partiyasının lideri Yair Golanın İsrail əsgərlərinin Qəzzada “hobbi olaraq körpələri öldürdüyü” barədə açıqlamasını, keçmiş Hərbi Baş prokuror Yifat Tomer-Yeruşalminin Sde Teiman hərbi təcridxanasında fələstinli məhbusun zorlanması hadisəsini üzə çıxarmasını və İsrail əsgərlərinin hərbi cinayət törətdiyini göstərdiyini iddia etdiyi “NAZA” sənədli filmini ordunun nüfuzuna ciddi zərər vuran hadisələr kimi təqdim edib.
Netanyahu Qəzzada iki il davam edən müharibə zamanı İsrail ordusunun “böhtanla üzləşməməsi üçün” iki qanun layihəsi təqdim edəcəyini bildirib.
Baş nazirin sözlərinə görə, qanun layihələrindən biri İsrail əsgərlərini “qaralayan” şəxslərin vətəndaşlıqdan çıxarılmasını, digəri isə belə hallarda məhkəmə yolu ilə tələb edilə biləcək təzminat məbləğinin 20 dəfə artırılmasını nəzərdə tutur.
Rejissorlar da hədəfə alındı
Bu il İtaliyada keçirilən 83-cü Venesiya Beynəlxalq Film Festivalında İsrailin Qəzzada mülki şəxslərə qarşı hücumlarını sənədləşdirən “NAZA” filmi “Xüsusi münsif mükafatı”na layiq görülüb. Film İsraildə geniş müzakirələrə səbəb olub.
İsrail Baş Qərargah rəisi Eyal Zamir hərbi kəşfiyyata, Hərbi Prokurorluğa və Hərbi Hava Qüvvələrinə “NAZA” sənədli filmində danışan şəxslərin məcburi hərbi xidmətdə, yoxsa ehtiyatda olan hərbçilər olduğunu müəyyənləşdirməyi və onların kimliyini üzə çıxarmağı tapşırıb.
Netanyahu “NAZA” sənədli filmini “antisemit təhrikçilik” adlandırıb.
İsrailin Mədəniyyət naziri Miki Zohar da sentyabrın 13-də “NAZA” filminin rejissorları Yuval Abraham və Rachel Szoru vətəndaşlıqdan çıxarmaqla hədələyib.