İsrailin Baş naziri Benyamin Netanyahu ölkədə məcburi hərbi xidmətlə bağlı mübahisələrin vətəndaş müharibəsinə səbəb olmayacağını bildirib.
Sherg.az xəbər verir ki, o, bu barədə İsrailin "Kanal 14" televiziyasına müsahibəsində danışıb.
Netanyahu bildirib ki, ultra-pravoslav yəhudilərin (haredilər) hərbi xidmətə cəlb edilməsi cəmiyyətdə parçalanmaya yol vermədən həyata keçiriləcək. Onun sözlərinə görə, növbəti seçkilərdən sonra formalaşacaq hökumət məcburi hərbi xidmət haqqında qanunu qəbul edə bilər.
Baş nazir həmçinin İranın zəiflədiyini iddia edərək, bundan sonra region ölkələri ilə yeni sülh sazişlərinin bağlanması istiqamətində fəaliyyət göstərəcəklərini bildirib.
Qəzza ilə bağlı danışan Netanyahu "könüllü miqrasiya" adı altında fələstinlilərin digər ölkələrə köçürülməsi məsələsinin hələ də gündəmdə olduğunu qeyd edib. O, Qəzzada yəhudi məskənlərinin salınması ilə bağlı suala isə şərh verməkdən imtina edib.