ABŞ-nin sabiq prezidenti Barak Obama, Prezident Donald Tramp administrasiyasının hələ də ona “böyük maraq göstərməsi” ilə bağlı suala zarafatla cavab verib. Trampa eyham vuran Obama bildirib ki, “Açığı, onun zehnində mənə məxsus bir otaqvar”.
Sherg.az xəbər verir ki, Obama iştirak etdiyi podkast proqramında Tramp administrasiyasının ona yönəltdiyi diqqət, eləcə də özünün üzləşdiyi “neqativ münasibət və irqçilik” barədə sualları cavablandırıb.
Obama deyib:
“Bunu ondan soruşmaq lazımdır. Bu qədər aludəçiliyin səbəbi nədir? Açığı, onun zehnində mənə məxsus bir otaq, hətta bir süit var”.
Sabiq prezident sözlərinə davam edərək qeyd edib:
“Mənim üçün hər zaman aydın olan məqam budur ki, prezident olduğum dövrdə edəcəyim son şey kiminsə nə dediyi və ya məndən əvvəlki prezidentin nə etdiyi barədə narahat olmaq olardı. Onlar artıq vəzifədə deyillər. Mənim görməli işlərim var”.
Obama bildirib ki, vəzifəsini düzgün yerinə yetirən hər bir prezident daim ölkənin qarşısında duran ən vacib problemlərə diqqət yetirməlidir:
“Əgər işinizi düzgün görürsünüzsə, qarşınızda həll olunmalı beş-on çox çətin məsələ olur və bütün diqqətinizi onlara yönəltməlisiniz. Məndən əvvəl vəzifədə olmuş bir şəxslə bu qədər maraqlanmaq və özünü onunla müqayisə etməyə çalışmaq mənə qəribə görünür. Bu vəziyyət mənə göstərir ki, həmin şəxs Amerika xalqına və üzərinə düşən vəzifələrə kifayət qədər fokuslanmır”.
Podkastın digər hissəsində Obama Trampın şəxsi söhbətlərdəki davranışının ictimaiyyət qarşısında nümayiş etdirdiyi obrazdan fərqli olduğunu da iddia edib.
“Dialoqa inanıram. Əgər o, indi qarşımda olsaydı - bu, əvvəllər bir neçə dəfə baş verib, belə danışmazdı”, - deyə Obama vurğulayıb.
Ağ Ev sözçüsü Davis Ingle isə Obamanın açıqlamalarına münasibət bildirərək, onun ABŞ tarixinə “ən qeyri-səmimi, ən bölücü və ən dağıdıcı prezidentlərdən biri kimi düşəcəyini” iddia edib.