Onlar vicdan məhbusu deyil - Əhməd Şahidov erməni nümayəndənin iddialarını darmadağın etdi

Avstriyanın paytaxtı Vyanada ATƏT-in "İşgəncə və pis rəftarın qarşısının alınması – əməkdaşlığın və icranın gücləndirilməsi" mövzusunda toplantı keçirilib. 

 Tədbirdə ATƏT-ə üzv 57 ölkənin diplomatları, hüquq müdafiəçiləri, jurnalistləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 "Təlim, monitorinq və gücləndirilmiş nəzarət vasitəsilə işgəncənin qarşısının alınması" adlı panel sessiyasında rəqəmsal təhlükəsizlik, süni intellekt və dezinformasiya məsələləri də müzakirə olunub.

Sherg.az xəbər verir ki, sessiyada çıxış edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov özündən əvvəl çıxış edən erməni nümayəndənin Azərbaycanla bağlı səsləndirdiyi iddiaları əsassız adlandırıb. O bildirib ki, hazırda Azərbaycanda saxlanılan erməni əsilli şəxslər vicdan məhbusu deyil, Azərbaycanın işğal olunmuş ərazilərində törədilmiş ağır cinayətlərə görə mühakimə olunurlar:

"Onların bütün hüquqları Azərbaycan qanunvericiliyinə və beynəlxalq standartlara uyğun şəkildə təmin edilir. Hüquqi müdafiə ilə təmin olunurlar, zərurət yarandıqda tibbi yardım alırlar və ailə üzvləri ilə mütəmadi telefon əlaqəsi saxlayırlar".

Hüquq müdafiəçisi qeyd edib ki, işgəncələrin qarşısının alınması təkcə qanunvericiliklə deyil, peşəkar hazırlıq, müstəqil monitorinq, effektiv nəzarət və hesabatlılıq mexanizmlərinin tətbiqi ilə mümkündür: "Bir neçə gün əvvəl qeyd olunan BMT-nin İşgəncə Qurbanlarına Dəstək Beynəlxalq Günü də bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirib".

Əhməd Şahidov çıxışında Cammu və Kəşmirdə insan hüquqlarının vəziyyətinə də toxunaraq bildirib ki, BMT-nin insan hüquqları mexanizmləri, beynəlxalq hüquq müdafiə təşkilatları və nüfuzlu media qurumlarının hesabatlarında Hindistan təhlükəsizlik qüvvələri tərəfindən işgəncə, özbaşına həbslər, həddindən artıq güc tətbiqi və digər ciddi hüquq pozuntuları ilə bağlı çoxsaylı iddialar yer alır. Onun sözlərinə görə, bu iddiaların müstəqil, qərəzsiz və şəffaf şəkildə araşdırılması beynəlxalq hüququn tələbidir və hesabatlılığın təmin olunması baxımından zəruridir: "İnsan hüquqlarının pozulması ayrı-ayrı ölkələrin daxili problemi deyil, regional və qlobal təhlükəsizliyə təsir göstərən amildir. İnsan hüquqlarının pozulması sabitliyi sarsıdır, miqrasiya və qaçqın axınlarını artırır, beynəlxalq təhlükəsizliyə mənfi təsir göstərir".

Hüquq müdafiəçisi beynəlxalq ictimaiyyəti işgəncələrin qarşısının alınması məqsədilə peşəkar hazırlığın, müstəqil monitorinqin və effektiv nəzarət mexanizmlərinin gücləndirilməsi istiqamətində birgə səyləri artırmağa çağırıb.