Orta Şərqin ən güclü orduları - Türkiyə neçənci yerdədir?

Strateji keçid nöqtələri, ittifaqlar və davam edən münaqişələrlə formalaşan Orta Şərq coğrafiyasında hərbi çəkindiricilik əsas güc parametri olaraq qalır.

Sherg.az xəbər verir ki, "Global Firepowe"ın 2025-ci il məlumatlarına əsasən, şəxsi heyətin sayı, hava və quru qüvvələri, logistika imkanları və müdafiə büdcələri kimi meyarlar üzrə aparılan qiymətləndirmə nəticəsində regionun ən güclü 7 ordusu müəyyən edilib.

Məlumatlara görə, Türkiyə 2025-ci il reytinqində 0,1902 “Güc İndeksi” göstəricisi ilə Orta Şərqin ən güclü hərbi qüvvəsi statusunu qoruyub. NATO standartlarına uyğun infrastrukturu və inkişaf etmiş konvensional döyüş imkanları ilə seçilən Türkiyənin 355 min 200 aktiv hərbi qulluqçusu var.

Hava qüvvələrində 151-i döyüş təyyarəsi olmaqla ümumilikdə 812 hava vasitəsi olan Ankara, quruda isə 1 679 aktiv tank ilə regionda zirehli birliklər üzrə üstünlüyünü davam etdirir.

2. İSRAİL

Region siyahısında ikinci, dünya üzrə isə 15-ci yerdə qərarlaşan İsrailin 0,2661 indeks balı var. 170 min aktiv şəxsi heyətə malik İsrail ordusu, qabaqcıl texnologiya və güclü kəşfiyyat imkanları ilə ön plana çıxır.

3. İRAN

Orta Şərqin üçüncü ən güclü ordusuna malik olan İran, dünya reytinqində 16-cı yerdə qərarlaşıb. 610 min nəfərlik nəhəng aktiv şəxsi heyətə sahib olan Tehran, regionun ən böyük ordularından biri sayılır. İran xüsusilə ballistik raket proqramı və pilotsuz uçuş aparatlarına (PUA) verdiyi önəmlə diqqət çəkir.

İranın hərbi inventarında 1 713 tank və 107 dəniz vasitəsi mövcuddur. Ölkə hərbi strategiyasını konvensional qüvvələr ilə asimmetrik müharibə üsullarının sintezi üzərində qurur.

4. MİSİR

Siyahının dördüncü sırasında yer alan Misir, eyni zamanda ən yüksək reytinqli ərəb dövləti mövqeyindədir. 440 min aktiv hərbi qulluqçuya malik Misir ordusu, 765 hazır hava vasitəsi və 150 vahiddən ibarət dəniz qüvvəsi ilə strateji dərinliyini qoruyur.

5. SƏUDİYYƏ ƏRƏBİSTANI

Dünya reytinqində 24-cü yerdə olan Səudiyyə Ərəbistanı siyahının beşinci pilləsində qərarlaşıb. Qərb mənşəli müasir müdafiə sistemlərinə etdiyi iri həcmli investisiyalarla tanınan Riyadın 257 min aktiv şəxsi heyəti var.

Səudiyyə Hava Qüvvələri 198-i döyüş təyyarəsi olmaqla ümumilikdə 917 hava vasitəsi ilə regionun ən geniş donanmalarından birinə sahibdir.

6. İRAQ

Siyahının altıncı sırasında 0,7738 göstərici ilə İraq yer alır. Uzun illər davam edən münaqişələrdən sonra modernləşmə işlərinə üstünlük verən İraq, 254 hava vasitəsi və 68 dəniz obyekti ilə hərbi potensialını mərhələli şəkildə artırmağa davam edir.

7. BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ

Siyahının yeddinci sırasında yer alan BƏƏ, 65 min aktiv hərbi qulluqçuya malik olmasına baxmayaraq, qabaqcıl texnoloji platformalara yatırımları ilə tanınır. 181 dəniz vasitəsinə sahib olan BƏƏ xüsusilə dəniz təhlükəsizliyi və hava əməliyyatları sahəsində regionda əməliyyat effektivliyini qoruyur.