Paşinyan böyük oyunun içindədir 

Qərb, sadəcə, Ermənistanda Rusiyanı əvəz etməyin davasını aparır
  Moskva və İrəvan arasında gərginlik artmaqdadır. Daha doğrusu, baş verən hadisələr və tərəflərin açıqlamaları belə bir görüntü yaradır. Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiya əleyhinə açıqlamaları və ABŞ ilə birgə təlimlərdən sonra ruspərəst erməni bloger Mikael Badalyan və “Sputnik Ermənistan”ın icmalçısı Aşot Gevorkyan da Gorus şəhərində saxlanılıblar. Rusiyanın Ermənistandakı səfirliyi saxlanılanların taleyindən narahat olduğunu bildirib. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsi ərəfəsində Qərbin növbəti təxribatıdır. Onun sözlərinə görə, söz azadlığı şüarı ilə hakimiyyətə gələn Nikol Paşinyan hökumətin jurnalistləri təqib etməsinə və informasiya yayımını bloklamasına inana bilmir. Ekspertlər İrəvanın atdığı addımların Rusiya ilə əlaqələri daha da korlayacağını vurğulayırlar.
  Millət vəkili Sahib Aliyev bildirib ki, son günlər medaida və sosial şəbəkənin Azərbaycan seqmentində Rusiya-Ermənistan arasında kəskinləşən ziddiyyətlərə geniş yer ayrıldığını və bununla bağlı bir sıra nikbin proqnozların verildiyini görür. Deputatın sözlərinə görə, Rusiya ilə Ermənistan arasında artan ziddiyyətlərə əlbəttə, diqqət yetirmək lazımdır:
"Amma təəssüf ki, bu, nə onların özlərinin, nə də Azərbaycana yanaşmalarının dəyişməsindən xəbər verir. Düzdür, Paşinyan indi "Qarabağ Azərbaycandır" deyir. Lakin orasını da gizlətmir ki, əgər Pskov desantçıları ötən əsrin 90-cı illərində olduğu kimi 44 günlük savaş zamanı da gəlib hayların yerinə döyüşsə idi, o, başqa mahnı oxuyacaqdı. Rusiya rəsmiləri isə bildirirlər ki, Paşinyanın Azərbaycanla bağlı son açıqlamaları onların əl-qolunu bağlayıb. Yoxsa bizim öz topraqlarımız üzərində suverenliyimizi təmin etməmizin qarşısını alardılar. Bu nəyi göstərir? Onu göstərir ki, Rusiya ilə Ermənistan arasındakı ziddiyyətlərin kökündə onların Azərbaycanın torpaq bütünlüyünə və suverenliyinə yanaşması yox, mövcud regional reallığın dəyişməsi durur. Ermənistanı Rusiyadan narazı salan da məhz Moskvanın bu reallığın dəyişməsinin qarşısını ala bilməməsidir".
  Parlament üzvü vurğulayıb ki, Ermənistanda Rusiya əleyhinə səsləndirilən fikirlər və atılan addımlarda məqsəd forpostluqdan qurtarmaq deyil: "Bu, heç ağıllarının ucundan da keçmir. Hayları ayağa qaldırıb Rusiyanı Qafqazdan çıxarmağa çalışan qərbdəkilər də Ermənistanın forpostluğuna son qoymaq istəmirlər. Onlar, sadəcə, Rusiyanı əvəz etməyin davasını güdürlər. Qərbdəkilər, ilk növbədə də səfirlərini Şuşaya göndərməyən ölkələr Ermənistanın forpostluğuna son qoyub subyektliyini artırmaq fikrində olsaydı, o zaman hayları Azərbaycanla qarşıdurmaya həvəsləndirməzdilər".