“Konyak fransız içkisidir, bunun erməniləşdirilməsi və “Ermənistanın milli sərvəti” sayılması anlaşılmazdır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
Müxalif “Güclü Ermənistan” fraksiyasının deputatı Andranik Gevorkyanın hakimiyyətin məhsulların keyfiyyətinə nəzarət üçün müasir laboratoriyalar şəbəkəsi yaratmaması ilə bağlı iradına cavab verən Paşinyan bildirib ki, bu istiqamətdə işləmək lazımdır, amma bir çox məsələləri laboratoriyaların köməyi olmadan da həll etmək mümkündür:
“Dünyada elə bir laboratoriya yoxdur ki, bizim alkoqollu içkimiz haqqında onun “konyak” olduğunu təsdiqləyən rəy versin. Çünki “konyak” Fransanın müvafiq regionunda yerli üzümdən istehsal olunan alkoqollu içki deməkdir. Bəs biz bu addan imtina etməliyik, yoxsa yox? Mən bunu söyləyəndə müxalifət dairələri bildirirlər ki, hakimiyyət növbəti milli sərvətdən imtina etmək istəyir. Mən bunu başa düşmürəm”.
Paşinyan qeyd edib ki, razılıq olarsa, Ermənistanda istehsal olunan müvafiq alkoqollu içki üçün “konyak” sözünün istifadəsini qadağan edən qanun layihəsi irəli sürməyə hazırdır.