Paşinyan hökuməti Rusiyanın təsirindən çıxmağa çalışır - ŞƏRH

 “Ermənistan üçün çıxış yolu Azərbaycan və Türkiyə ilə yaxınlaşmaqdır”

Ermənistanda parlament seçkilərinin baş tutmasına az müddət qaldığı dövrdə Rusiya ilə münasibətlər dalana dirənməyə başlayıb. Baş nazir Nikol Paşinyan aprelin 1-də Putinlə görüşüb, əlaqələri normal hala salamaq istəsə də müzakirə olunan məsələlər Moskvanın iç üzünü ortaya çıxardı.

Putin açıq şəkildə ruspərəst fiqurların seçkidə iştirakına əngəl törətməyin qəbuledilməz olduğunu qeyd etdi. Beynəlxalq Cinayət Məhkəməsinin sabiq prokuroru Luis Okamponun, Rusiyadan aldığı dəstək hesabına Paşinyanı devirməkdən bəhs etməsi və Rusiyada yaşayan ermənilərin radikal dəstələrin xeyrinə səs vermələri üçün İrəvana gətirilməsi üzərində qurulan planlar, Ermənistanın 30 illik “kor baxışlarını” açmasına səbəb olub. Parlament sədri Alen Simonyan Qarabağ məsələsində Ermənistanı tələyə saldıqlarını bildirib. Onun sözlərinə görə, Ermənistanın belə planlara alət edilməsinin məqsədi ölkənin müstəqil inkişafını əngəlləməkdir. Simonyan, “Qarabağ hərəkatı” səhifəsinin bağlandığını da açıqlayıb.

Mövzu ilə bağlı millət vəkili Asim Mollazadə Sherg.az-a bildirib ki, Paşinyan hökumətinin nümayəndələri dəfələrlə Qarabağda cinayət törədənlərin birbaşa Sovet imperiyasının xüsusi xidmət orqanları ilə əlaqəli olduqlarını açıqlayıblar:

“Azərbaycan-Ermənistan münaqişəsinin əsas səbəbkarlarından biri həmin orqanlarla əlbir fəaliyyət göstərən “cinayətkar dəstələr” olub. SSRİ-nin milli-sərhəd siyasəti, inzibati bölgülərin həssas şəkildə aparılması və etnik məsələlərin mərkəzləşdirilmiş şəkildə idarə olunması gələcəkdə ziddiyyətlərin sirayət tapmasına zəmin yaradıb. İmperiya məkrli planlarını həyata keçirmək üçün xüsusi xidmət və hərbi kəşfiyyat orqanları vasitəsilə fəal rol oynayıb. Yüzminlərlə qurbanların səbəbkarı da onlardır. Ermənistan hökuməti Rusiyanın nəzarətindən çıxaraq müstəqil xarici siyasət kursu yürütmək məqsədilə vaxtilə baş vermiş proseslərin bəzi məqamlarını indi açıqlamağa başlayıb”. 

Parlamentarinin sözlərinə görə, artıq Ermənistan rəsmiləri anlayırlar ki, regionda müstəqil dövlət kimi fəaliyyət göstərməyin yolu Azərbaycan və Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsindən keçir:

“Hazırda Azərbaycanın başlatdığı sülh prosesi Ermənistan tərəfindən qəbul edilir və problemli məsələlərin həlli istiqamətində işlər görülür. Paşinyan hökuməti Rusiyaya xidmət edən revanşist qüvvələrin sülh prosesindən uzaqlaşdırılması və onların destruktiv ideyalarının ictimai dəstək qazanmasının qarşısının alınması istiqamətində mübarizə aparır. Radikal dairələr Rusiyadan erməniləri gətirib, seçkilərdə öz xeyirlərinə səs vermələrini təmin etməyə çalışsalar belə, qalib gəlmək imkanına malik olmayacaqlar. Çünki sülh yolunu tutan erməni cəmiyyəti bu istiqamətdə ən uyğun və perspektivli namizəd kimi Paşinyanı dəstəkləyəcək”.