Paşinyan konstitusiyadakı ərazi iddialarını ləğv etməyə hazırlaşır - TƏHLİL

Politoloq Baş nazirin qələbəsinin Moskvanın təsirini zəiflədəcəyini dedi

Natiq Miri: “Seçkilərdən sonra Ermənistanda təxribatlar və etiraz dalğası arta bilər”

Ermənistanda parlament seçikərinə 19 gün qalıb. İyunun 7-də keçiriləcək seçkilərdə, Baş nazir Nikol Paşinyanın qarşısında sabiq prezident Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır.

Paşinyan və müxalif blok, siyasi gündəmi qarşılıqlı ittihamlar və hədələrlərlə zəbt ediblər. Ötən gün İrəvanda xalqla keçirilən görüşdə Baş nazirlə, bir qadın arasında gərgin anlar yaşanıb. Qadının ittihamlarını dinlədikdən sonra Paşinyan revanşist qüvvələri məhv edəcəyini açıqlayıb. Baş nazir erməniləri Van, Muş, Qarabağ və Naxçıvana getmək arzusundan əl çəkməyə çağırıb. O, vətən axtarışı prosesinin başa çatdığını bəyan edib. Sosial mediada yayılan videolardan birində, maskalı şəxslərin Paşinyanı ölümlə hədələməsi isə hökumətlə müxalifət arasındakı gərginliyi kəskinləşdirib. Parlament sədri Alen Simonyan, “Qarabağ klanı”nı Paşinyanı öldürməyə cəhddə ittiham edib. 

Mövzu ilə bağlı politoloq Natiq Miri Sherg.az-a bildirib ki, Paşinyan, Naxçıvan və Muşun adını çəkməklə Ermənistanın yeni hazırlanan konstitusiyasında Müstəqillik Bəyannaməsinə istinadın olmayacağını izah etməyə çalışır:

“Çünki  Bəyannamənin 11-ci bəndində Dağlıq Qarabağ "Birləşmiş Ermənistan" olaraq qeyd edilib. Həmçinin sənəddə, 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələr “soyqırım” kimi təqdim olunub. Xüsusilə də Türkiyənin şərqini tarixi erməni torpaqları kimi göstəriblər. Artıq Paşinyan anlayır ki, regionda qonşu ölkələrlə sabit şəraitdə yaşamağın yeganə yolu sülhdür. Əgər xalq parlament seçkilərində yenidən hökümət qurmaq mandatını Paşinyana layiq görərsə, onların cəmiyyətdə dayaqları və mövqeyi möhkəmlənəcək. Bu proses yeni konstitusiya ilə bağlı referendumun keçirilməsi üçün zəmin yaradacaq”.

Politoloqun sözlərinə görə Paşinyan dəfələrlə müstəqil Ermənistanın yalnız sülh və əməkdaşlıq çərçivəsində inkişaf edəcəyini bəyan edib:

“O, bu prosesə xələl gəlməməsi üçün konstitusiyadakı ərazi iddialarını aradan qaldıracaq. Ancaq bunun üçün yeganə şərt parlament seçkilərində Nikolun rəhbərlik etdiyi siyasi güc mərkəzinin qalib gəlməsidir. Baş nazir hər kəsin sinəsinə taxdığı xəritə nişanəsi ilə sülh prosesinə mane olmağa çalışan qüvvələrin məkrli ideyalarına qarşı çıxdığını və “Əsl Ermənistan” siyasətini müdafiə etdiyini göstərməyə çalışır. Paşinyan höküməti bu məsələyə nə qədər həyati əhəmiyyət verirsə, Rusiyanın dəstəklədiyi revanşist qüvvələr də ona eyni dərəcədə strateji və həyati məsələ kimi yanaşırlar”. 

N. Mirinin fikrincə, Rusiya emissarları anlayırlar ki, Paşinyanın seçkilərdə qələbə qazanması, müxalifətin tamamilə zəifləməsinə və Moskvanın Ermənistana təsir imkanlarının ciddi şəkildə məhdudlaşmasına gətirib çıxaracaq:

“Seçkilərdən sonrakı dövrdə də hərbi təxribatların və etiraz mitinqlərinin artması ehtimalı istisna edilmir. Ermənistan konstitusiyasında ərazi iddiları ilə yanaşı ölkənin idarə olunmasına mane olan maddələr var. Bütün bunlar dəyişikliklərin həyata keçirilməsini şərtləndirir. Ona görə də Paşinyan konstitusiya dəyişikliklərini Ermənistanın real dövlət konsepsiyası ilə əlaqələndirir”.