- Zərdüşt Əlizadə: "Ermənistan Aİ-yə üzv olacağını düşünməklə özünü aldadır”
- “Ukraynanın səhvini təkrarlayan Ermənistan çıxılmaz yola sürüklənir”
“Ermənistan Qərbin onlara kömək göstərəcəyinə ümid bəsləyir. Doğrudur, kömək edirlər, ancaq qəpik-quruşla. Paşinyan höküməti, Aİ ilə yaxınlaşmaqla Rusiyanı itirir. Moskvanın Ermənistana qarşı mövqeyi kifayət qədər sərtləşib. Bu vəziyyət Paşinyan hökuməti üçün xoşagəlməz nəticələrə yol açacaq”.
Bu fikirləri politoloq Zərdüşt Əlizadə Sherg.az-a Ermənistanın Avropa İttifaqına yönəlik siyasətini təhlil edərkən bildirib:
“Paşinyan Ukraynanın Avropa İttifaqına inteqrasiya təcrübəsindən nəticə çıxarmadan, Qərbə doğru siyasi kursunu israrla davam etdirir. Avropa İttifaqı bir tərəfdən daxili ziddiyyətlər ucbatından tədricən zəifləyir, digər tərəfdən isə yarım əsrdir ki, sıralarına qoşulmağa çalışan Türkiyəni qəbul etmək niyyətində deyillər. Üzv dövlətlər daha əvvəl Moldova və Ukraynaya da təşkilata inteqrasiya vədi vermişdilər. Amma ortada heç nə yoxdur. Ümumiyyətlə aparıcı Qərb dövlətləri qurumun daxili sabitliyini qorumaq üçün yeni üzvlərin qəbulu prosesini ləngidir və bu məsələyə olduqca istəksiz yanaşırlar. Çünki ittifaqa yeni qəbul edilən hər bir ölkə böyük maliyyə yükü deməkdir”.
Politoloqun sözlərinə görə, Qərb dövlətləri öz pullarını kasıb ölkələrə paylamaq istəmir:
“Belə bir mənzərədə Aİ-nin Ermənistanı sıralarına qatacağını düşünmək kor-koranə sadəlövhlükdür. Doğrudur, Ermənistan böyük dövlət deyil. Ona ayrılacaq vəsait də Aİ ölkələrinin gəlirlərinə ciddi təsir göstərməz. Ancaq bu cür asılı və iqtisadiyyatı çökmüş dövlətlərin gəlib Avropa İttifaqına qoşulması kimə və nəyə lazımdır?! Erməni mədəniyyəti, Avropadan xeyli uzaqdır. Ermənistan cəmiyyətində və siyasətində nə insan haqlarına, nə də beynəlxalq hüququn təməl prinsiplərinə hörmət qoyulmur. Beynəlxalq hüququ tanıyan dövlət qonşusunun torpağına göz dikməz”.
Z.Əlizadə onu da qeyd edib ki, Ermənistanın apardığı işğalçı siyasətin Avropa dəyərlərində və sivil dünyada heç bir qarşılığı yoxdur:
“Ermənistan ərköyün uşaqdır deyə Aİ onun xətrinə dəymir. Amma tərbiyəsiz uşaq olduğunun da fərqindədirlər. Ukrayna müharibəsi fonunda, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar Ermənistan üçün "göydəndüşmə" gəlir qapısı açdı. Ermənistan Qərbdən aldığı texnoloji avadanlıqları Rusiya bazarına təkrar ixrac edərək milyardlarla dollar qazandı. Rusiyanın müvəqqəti çətinliyindən istifadə edərək arxadan oyun quran Paşinyan hökuməti odla oynayır. Ukrayna müharibəsi bitdikdən sonra Qərbin qucağına qaçmağın cəzasını Ermənistan dövlət olaraq çox acı şəkildə ödəyəcək”.