Paşinyan rəqiblərini aradan götürsə, ölkədə xaos yarana bilər - Ermənişünas alim (ŞƏRH)

Karapetyan, Koçaryan və Sarukyanın seçki ərəfəsində birləşmə ehtimalı geniş şəkildə müzakirə olunur

Ermənistanda parlament seçkilərinin vaxt çəmbəri daraldıqca, siyasi dairələrdə təzyiq mexanizmləri də güclənir. İyunun 7-də keçiriləcək parlament seçkilərində, Baş nazir Nikol Paşinyanın qarşısında sabiq preizdent Robert Köçəryan, rusiyalı milyarder Samvel Karapetyan və biznesmen Qaqik Sarukyan dayanır. Hakimiyyət uğrunda rinqə çıxan tərəflər bir-birini təhqir etməkdən çəkinmirlər.

Ermənistan mətbuatında Rusiyada yaşayan 100 mindən çox Ermənistan vətəndaşının rüşvət müqabilində müxalifətə səs vermək üçün ölkəyə gətiriləcəyi barədə səsyazılar yayılıb. Paşinyan yayımlanan səs yazılarına münasibət bildirərək, müxalif blokun insanlara alınıb-satılan əmtəə kimi yanaşdığını açıqlayıb. Baş nazir, Karapetyan, Koçaryan və Sarukyanı “üçbaşlı müharibə koalisiyası” adlandırıb. Paşinyan onların quldur pəncələrini sındıracağını bəyan edib. 

Mövzu ilə bağlı Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a bildirib ki, Rusiya Samvel Karapetyanı Ermənistana Paşinyanı devirmək üçün göndərib: 

“Samvel, öz missiyasını yerinə yetirməyə çalışır. Çünki onun Rusiyada 3,5 milyard dəyərində sərvəti var. Şübhəsiz ki, o, korrupsiyaya bulaşmış və bir çox cinayətlərdə əli olan fiqurlardan biridir. “Taşır Samo” ləqəbli Karapetyan başqa bir ölkəyə sənəd alarkən Rusiyanın xüsusi xidmət orqanlarında çalışan adam kimi göstərilib. Bu faktdan sonra Ermənistan xalqı Karapetyana səs verməyəcək. Karapetyan, hazırda ev dustaqlığında olduğuna görə ayrı-ayrı yerlərdə təbliğat aparmaq imkanına da malik deyil”. 

Professorun sözlərinə görə, Paşinyan əlinə düşən yeni faktlara əsasən Samvel barəsində yenidən cinayət işi açdıra bilər: 

“Yəni, Karapetyan Nikol üçün ciddi siyasi rəqib hesab olunmur. Baş nazir postuna namizəd olanlar arasında Robert Koçaryan da Rusiyanın adamıdır. O, “Ermənistan” Partiyalar blokunun lideri olaraq Paşinyana qənim kəsilib. Lakin Koçaryanın cinayət xarakterli əməlləri hökümətin əlindədir. Paşinyan seçkiyə qədər onları həbs etdirə bilər. Ancaq bu bir az riskli məsələdir. Onları aradan götürmək ölkədə xaosun yaranmasına səbəb ola bilər. Paşinyana baş ağrısı verən şəxslərdən biri də “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqik Sarukyandır. O, da xarici ölkədən göndərilən casusdur. Sarukyanın Rusiya və Belarusiyada böyük biznes şəbəkələri var”.  

Q. Çaxmaqlı qeyd edib ki, Karapetyan, Koçaryan və Sarukyanın seçki ərəfəsində birləşmə ehtimalı geniş şəkildə müzakirə olunur:

“Onlar birləşib, bütün qüvvələrini səfərbər etməklə, Paşinyanı devirməyə çalışa bilərlər. Hələ ki, Paşinyan anket sorğularına əsasən irəlidə görünür. Ermənistan parlament sistemi proporsional seçki sistemi əsasında qurulub. Nikol 40 faiz səs toplamaqla, parlamentə düşən digər partiyalarla koalisiya şəklində birləşib, hökumət formalaşdıra bilər. Hazırda Paşinyan komandasını narahat edən əsas məsələ Rusiyada yaşayan ermənilərin revanşist qüvvələrin lehinə səs vermələri üçün İrəvana gətirilmələridir. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər planı hazırlanır. Ermənistanda belə bir fikir mövcuddur ki, gələnlərin bəziləri ölkədəki dəyişiklikləri gördükdən sonra seçimlərini Paşinyanın xeyrinə edəcəklər”.