- Çünki fundamental sülh sənədinin imzalanması üçün cəmiyyətdə geniş konsensusun əldə olunması və sistemli hazırlıq işlərinin aparılması tələb olunur
Azərbaycanın beynəlxalq arenada artan rolu digər dövlətlərin və dünya liderlərinin diqqət mərkəzindədir. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində ABŞ lideri Donald Tramp haqqında səsləndirdiyi fikirlər Vaşinqton mətbuatının əsas mövzularından birinə çevrilib. ABŞ-nin “Breitbart” nəşrində dərc olunan məqalədə, Şuşa Qlobal Media Forumu çərçivəsində İlham Əliyevin Trampı “sülh adamı” adlandırdığı, onun Azərbaycan ilə Ermənistan arasında tarixi sülh sazişinin əldə edilməsində həlledici rol oynaya biləcəyi və Azərbaycan-ABŞ münasibətlərində misli görünməmiş yeni bir dövr açacağı vurğulanıb. Həmin məqaləni Donald Tramp özünün “Truth Social” hesabında paylaşıb. Bütün bunlar ABŞ prezidentinin, İlham Əliyevin söylədiyi fikirləri və sözləri diqqətlə izlədiyindən xəbər verir.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, Bakı-Vaşinqton oxu üzrə münasibətlər həqiqətən də yüksələn xətt üzrə inkişaf edir:
“Bu fakt ABŞ-nin Azərbaycanı həm Qafqaz, həm də Avrasiya məkanında ən mühüm və strateji müttəfiqlərdən biri kimi qəbul etdiyini nümayiş etdirir. Trampın Azərbaycan diplomatiyasının nailiyyətlərinə xüsusi önəm verməsi də bu tərəfdaşlığın əhəmiyyətini vurğulayır. Postmüharibə dövründə, Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, Cənubi Qafqazın qlobal və regionlararası münasibətlərdəki çəkisini əhəmiyyətli dərəcədə artırıb. Bu strateji mənzərə, Prezident İlham Əliyevin uzunmüddətli və məqsədyönlü xarici siyasət kursunun məntiqi nəticəsidir”.
Politoloqun sözlərinə görə, Vaşinqton artıq aydın şəkildə dərk edir ki, Azərbaycan Cənubi Qafqazın əvəzolunmaz logistik qovşağına çevrilib:
“Azərbaycanın xarici siyasətində və iqtisadi təhlükəsizlik strategiyasında regional nəqliyyat layihələrinin, xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi prioritet istiqamət təşkil edir. Bu layihə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz quru əlaqəsini təmin edəcək, həm də ölkənin beynəlxalq tranzit imkanlarını keyfiyyətcə yeni mərhələyə ucaldacaq. Digər tərəfdən, ABŞ-Ermənistan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İrəvanın üzərinə götürdüyü öhdəliklər də regional kommunikasiyaların açılması baxımından mühüm əhəmiyyət kəsb edir”.
T.Abbasov onu da qeyd edib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbə regionda tamamilə yeni əməkdaşlıq imkanları yaradıb:
“Yeni vəziyyət, uzun illərdir kənarda qalan Ermənistana regional təcriddən xilas olmaq və ortaq layihələrə qoşulmaq üçün şans verir. ABŞ-nin rəsmi Bakını regionda sabitliyi və təhlükəsizliyi təmin edən əsas aktor kimi görməsi təsadüfi deyil. Bu səbəbdən tərəflər regional təhlükəsizlik, enerji şaxələndirilməsi və dövlət quruculuğu sahələrində ikitərəfli əməkdaşlığı ardıcıl olaraq dərinləşdirirlər. ABŞ-də keçiriləcək növbəti G20 sammitinə Prezident İlham Əliyev ilə yanaşı Paşinyanın da dəvət edilə biləcəyi və yekun sülh sazişinin məhz bu platformada imzalanacağı barədə ehtimallar irəli sürülür. Lakin bu senarini kifayət qədər skeptik qarşılamaq üçün ciddi əsaslar var. Çünki Paşinyan hökünətinin yekun sülhə hazırlıq prosesi yox səviyyəsindədir. Nikolun güya istəyi var. Bu istəyi reallaşdırmaq üçün konstitusiya islahatları aparılmalıdır”.
Politoloqun fikrincə, Paşinyan istəsə, referendum keçirərək prosesi tezləşdirə bilər:
“Amma G20 sammitinə qədər çatdıra bilməyəcək. Çünki fundamental sülh sənədinin imzalanması üçün cəmiyyətdə geniş konsensusun əldə olunması və sistemli hazırlıq işlərinin aparılması tələb olunur. Yəni, nəzəri baxımdan çatdırsa da, praktiki cəhətdən mümkünsüzdür. Azərbaycan ilə ABŞ arasında strateji əhəmiyyət kəsb edən layihələr üzrə tərəfdaşlıqda heç bir maneə yoxdur. Hər iki tərəf regiondakı layihələri və sülh prosesini inkişaf etdirməyə tam hazırdır”.