- Baş nazirin 2031-ci il planının arxasında hakimiyyətdə qalmaq hesabı dayanır
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanması və ratifikasiyasının 2031-ci ilə qədər başa çatdırılmasını qarşısına məqsəd qoyduğunu açıqlayıb. Halbuki sazişin mətni artıq paraflanıb. Maraqlıdır, Paşinyanın beşillik müddət müəyyənləşdirməsi amillərlə bağlıdır?
Mövzunu Sherg.az-a şərh dən siyasi ekspert Asif Nərimanlı bildirib ki, Paşinyanın sülh sazişinin imzalanması və ratifikasiyasının 2031-ci ilədək başa çatdırılması ilə bağlı açıqlaması, əslində, onun siyasi hakimiyyətini möhkəmləndirmək və hakimiyyətdə qalmaq strategiyası ilə əlaqəli ola bilər. A. Nərimanlı bildirib ki, Paşinyan və onun hakimiyyət komandasında belə bir narahatlıq mövcuddur ki, sülh sazişi imzalandıqdan sonra onların siyasi missiyasının başa çatdığı barədə təsəvvür yarana bilər:
“Sülh sazişinin imzalanmasında maraqlı olan Azərbaycan, Türkiyə, ABŞ və Qərb ölkələri bu prosesdə Paşinyan hakimiyyətini dəstəkləyirlər. Çünki hazırkı şəraitdə Ermənistanla Azərbaycan arasında sülh sazişini imzalamaq siyasi iradəsi nümayiş etdirən əsas tərəf Paşinyan hakimiyyətidir.
Lakin Paşinyan hesab edir ki, sazişin imzalanması Ermənistandakı revanşist qüvvələrin ona qarşı təzyiqlərini daha da gücləndirə, ölkə daxilində siyasi gərginliyi artıra bilər. Digər tərəfdən, sülh prosesinin başa çatması ilə Ermənistan hakimiyyətinə göstərilən beynəlxalq siyasi dəstəyin zəifləməsi ehtimalı da mövcuddur. Bu isə siyasi gərginliyi artıraraq kütləvi etirazlara və nəticə etibarilə onun hakimiyyətdən uzaqlaşdırılması cəhdlərinə yol aça bilər.
Bu baxımdan, sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək müddət müəyyənləşdirilməsini Paşinyanın siyasi hesablamaları ilə əlaqələndirmək olar. Görünür, o, bu müddət ərzində həm daxili siyasi mövqelərini möhkəmləndirməyə, həm də beynəlxalq dəstəyi qorumağa çalışır. Yəni 2031-ci il hədəfi yalnız sülh prosesinin yekunlaşdırılması planı deyil, həm də Paşinyanın hakimiyyətdə qalmaq strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
A. Nərimanlı bildirib ki, Paşinyanın sülh sazişinin imzalanması və ratifikasiyası üçün 2031-ci ilədək müddət müəyyənləşdirməsini parlamentdəki qüvvələr nisbəti ilə də əlaqələndirmək olar:
“Sülh sazişinin imzalanması prosesində əsas məsələlərdən biri Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi zərurətidir. Son parlament seçkilərində Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvə hökuməti formalaşdırmaq üçün kifayət qədər mandat qazansa da, konstitusiya dəyişikliyi üçün tələb olunan üçdəiki səs çoxluğunu əldə edə bilməyib. Hakim komandanın parlamentdə 64 deputatla təmsil olunması, müvafiq dəyişikliyin referenduma çıxarılması üçün isə ən azı 70 deputatın dəstəyinə ehtiyac duyulması Paşinyanın siyasi imkanlarını məhdudlaşdırır. Mövcud vəziyyət Paşinyana beynəlxalq tərəfdaşlar və regionda sülhün əldə olunmasında maraqlı olan ölkələr qarşısında müəyyən arqumentlər irəli sürmək imkanı verir. O, bir tərəfdən sülh prosesinə sadiq olduğunu nümayiş etdirə, digər tərəfdən isə Konstitusiyaya dəyişiklik üçün parlamentdə zəruri səs çoxluğunun olmadığını əsas gətirə bilər. Beləliklə, prosesin ləngiməsini ölkədaxili siyasi reallıqlarla izah etməklə məsuliyyətin bir hissəsini öz üzərindən yayındırmağa çalışa bilər”.