Paşinyan xalqa sülh və rifah formulu təqdim edib, xalq da ona inanır - POLİTOLOQ

İyunun 7-də keçiriləcək seçkilərdə Paşinyan Köçaryanı böyük fərqlə məğlub edəcək

Nikol Paşinyanın Ermənistanın Baş naziri postuna namizədliyi irəli sürülüb. Bu barədə Paşinyan “Facebook” hesabında paylaşım edib. Paylaşımda qeyd olunub ki, “Mülki Müqavilə” partiyasının daxili seçkilərinin iki mərhələsi tamamlanıb: "Səsvermə nəticələrinə etiraz etmək üçün müəyyən edilmiş müddət ərzində heç bir müraciət daxil olmayıb. Hesablama Komitəsinin bütün üzvlərinə, xüsusilə Komitə sədri Hakob Arşakyanın rəhbərliyi altında qapalı-gizli səsvermənin iki mərhələsinin yüksək səviyyədə və demək olar ki, qüsursuz təşkilinə görə təşəkkür edirəm. Partiya yoldaşlarıma mənə yenidən etimad göstərdikləri, “Mülki Müqavilə” partiyasının seçki siyahısına rəhbərlik etməyi həvalə etdikləri və Ermənistan Respublikasının baş nazirliyinə namizəd kimi irəli sürmək şərəfinə layiq gördükləri üçün minnətdaram”.

Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, Nikol Paşinyanın yenidən baş nazirliyə namizəd göstərilməsi Ermənistanda siyasi stabilliyin qorunması baxımından mühüm addımdır. Onun fikrincə bu, həm partiyanın daxili etimadını, həm də siyasi kursun davamlılığını nümayiş etdirir:

“Nikol Paşinyanın ətrafında olan ermənilər sabiq prezidentlər Robert Köçaryan və Serj Sarkisyanın ətrafında olan ermənilərdən fərqlidi. Nikol Paşinyanın ətrafında əsasən yerli ermənilərdi. Onlar daha müasir, intellektual və Azərbaycanla sülhü istəyənlərdir. R. Köçaryanın ətrafında olanlar isə Qarabağdan gedən ermənilərdir. Onlar daha aqressiv, revanşist fikirlərə hakim olan 90-ci illərdə qalmadi. 

 Köçaryan seçki kampaniyasına "Artsaxın birinci prezidenti" və Ermənistanın ikinci prezidenti təbliğatı ilə başlayıb. Bu da onu göstərir ki, Qarabağ məsələsini gündəmə gətirmək onun əsas planıdır.

Ötən həftə isə Nikol Paşinyan qeyd etdi ki, R. Köçaryan Qarabağdandır və onun Ermənistana heç bir aidiyyatı yoxdur. Həmçinin onun Qarabağdan olduğu üçün legitim olmadığını vurğulayıb. Paşinyan birinci və ikinci Qarabağ müharibəsində iştirak edənlərin orden və medallarının, dövlət imtiyazlarının ləğvində maraqlıdır. O, bu müharibənin Ermənistanın müstəqilliyinin üstündən xətt çəkdiyini və işğalçı müharibə olduğunu dəfələrlə erməni xalqına bildirib”. 

M. Əsədullazadə qeyd edib ki, iyunun 7-də keçiriləcək seçkilərdə N. Paşinyan R. Köçaryanı böyük fərqlə məğlub edəcək: “R. Köçaryan yenidən Qarabağ məsələsini ortaya atır, sülh mətnini yenə təftiş edəcəklərini vurğulayır. Onun erməni xalqına alternativ nəsə təqdim edəcəyi də yoxdur. Köçaryan hesab edir ki, Qarabağ məsələsini və ölkəsinin təhlükəsizlik təminatını gündəmə gətirməklə, erməni əhalisinin səsini alacaq. Halbuki erməni əhalisini Qarabağ qəti maraqlandırmır. Onları sülh və rifah istəyir. Sabah N. Paşinyan çıxıb desə ki, "Qarabağ məsələsini gündəmə gətirəcəm", seçkilərdə erməni əhalisi ona səs verməyəcək. Artıq Ermənistanda ölkənin gələcəyini erməni əhalisi müəyyən edir. N.Paşinyan xalqa sülhün və rifahın formulunu təqdim edib. Bu, Azərbaycanla sülhə töhfədir, eyni zamanda Qarabağ hərəkatından imtinadır”.