Paşinyandan etiraf: Azərbaycan və Türkiyə Ermənistanın enerji təhlükəsizliyi üçün vacibdir

Ermənistanın baş naziri Nikol Pashinyan bildirib ki, Azərbaycan və Türkiyə ilə elektrik ötürücü xətlərin inşası ölkənin enerji təhlükəsizliyinin möhkəmlənməsinə töhfə verə bilər.

Sherg.az xəbər verir ki, Paşinyan bu fikirləri İrəvanda Avropa Komissiyasının sədri Ursula von der Leyen ilə keçirdiyi birgə mətbuat konfransında səsləndirib.

O qeyd edib ki, “Sülh kəsişməsi” layihəsi və nəqliyyat əlaqələrinin açılması çərçivəsində təkcə nəqliyyat deyil, həm də enerji əlaqələrinin genişləndirilməsi vacibdir. Baş nazirin sözlərinə görə, bu proses Türkiyə və Azərbaycanla enerji inteqrasiyasını da əhatə edir.

Paşinyan vurğulayıb ki, elektrik ötürücü xətlər və enerji birləşdiricilərinin tikintisi həm enerji təhlükəsizliyinin təmin olunmasına, həm də yaşıl enerji keçidinin sürətlənməsinə xidmət edəcək.

Qeyd edək ki, Ursula fon der Lyayen Bakıya səfəri zamanı Avropa İttifaqının Cənubi Qafqazda nəqliyyat əlaqələrinin inkişafı üçün 200 milyon avro ayıracağını açıqlamışdı.