“Ermənistanda istənilən səviyyədə “Qarabağ hərəkatı”nı davam etdirmək cəhdləri Azərbaycanda da analoji reaksiyalara səbəb olacaq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyanın sözlərinə görə, Ermənistan parlamentinin zalında müxalif deputatlar tərəfindən “Qarabağ bayraqları”nın nümayiş etdirilməsi və Qarabağ mövzusunun siyasi gündəmdə saxlanılması davam etdikcə, Azərbaycanda buna “güzgü effekti” ilə cavab veriləcək.
O qeyd edib ki, hazırkı hakimiyyət dövründə bu məsələlərin praktik əhəmiyyəti olmayacaq və hökumət “Qarabağ hərəkatı”nın yenidən canlandırılmasına yönələn cəhdlərin qarşısını almağa çalışacaq:
“Qarabağ hərəkatı”nı davam etdirmək üçün istənilən cəhd qarşı tərəfdə də analoji reaksiyalar yaradacaq. Buna görə də biz bu cür cəhdlərin qarşısını almaq üçün mümkün olan hər şeyi edəcəyik. Ermənistan xalqı bu baxışın lehinə səs verib və biz belə təşəbbüsləri xalqı yeni avantüraya sürükləmək cəhdi kimi qiymətləndirəcəyik”.
Paşinyan əlavə edib ki, heç kimi ittiham etmir, sadəcə hadisələrin səbəb-nəticə əlaqələrinin düzgün başa düşülməsini vacib hesab edir.
Hökumət başçısı həmçinin sabiq prezident Robert Köçəryanın Ermənistanın yalnız 29 743 kvadrat kilometrlik ərazi ilə kifayətlənməməli olduğu barədə təxribatçı fikirlərinə də toxunaraq əlavə edib ki, region ölkələri Ermənistanda səslənən bu cür bəyanatları diqqətlə izləyirlər.