"Ermənistanda sülhə ən böyük maneə hakimiyyətin özüdür"
"Konstitusiya dəyişməsə, sülh də olmayacaq"
"İrəvanın əsl niyyəti indi bəlli olacaq"
Vaxtilə Azərbaycana qarşı mübarizəni küçə və meydanlarda aparanlar, bu gün həmin destruktiv xətti Ermənistan parlamentinin tribunasında davam etdirirlər. Format dəyişsə də, mahiyyət eyni qalır. Söhbət “Güclü Ermənistan” və “Ermənistan” partiyalarının deputatlarından gedir.
Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından bir il keçməsinə cəmi iki gün qalsa da, Ermənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları hüquqi bazasını qoruyur. Paşinyan höküməti konstitusiya islahatlarının ləngiməsini iyunun 7-də keçirilən parlament seçkiləri ilə əsaslandırırdı. Lakin yeni hökumətin formalaşmasından sonra da parlamentdə səslənən revanşist bəyanatlar sülh gündəliyini kölgədə qoyur. "Güclü Ermənistan" fraksiyasının rəhbəri Narek Karapetyan azərbaycanlıların ölkə ərazisində 10 gündən artıq qalmasının və mənzil almasının qanunla qadağan olunmasını tələb edib. Hər bəyanatında anti-Azərbaycan ritorikası sərgiləyən deputat, eyni zamanda Azərbaycanın Ermənistan Konstitusiyasının məzmununu müəyyənləşdirə bilməyəcəyini iddia edib.
Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Sherg.az-a bildirib ki, Ermənistanda nəinki müxalif qüvvələr, hətta, hakim siyasi dairələr də Azərbaycana yönəlik aqressiv mövqeyindən geri çəkilməyib:
“Bu nifrətin sonunu gözləmək çətin məsələdir. Tarix dərsliklərində hələ də Azərbaycan və Türkiyə düşmən obrazı timsalında təbliğ olunur. Məsələ burasındadır ki, nə tədris proqramlarının sülh yönümlü dəyişdirilməsi, nə də dinc qonşuluğun Ermənistana qazandıracağı üstünlüklər ictimaiyyətə çatdırılmır. Azərbaycanla sülh sazişinin paraflanmasına baxmayaraq, Paşinyan hökumətinin mövqeyi müxalifətdən heç də fərqli deyil. Paşinyan hökuməti sözdə dinc qonşuluq siyasətinin tərəfdarı olduğunu bəyan etsə də, konkret olaraq bununla bağlı heçbir addım atmayıb. Azərbaycan regional sülhün və etimad mühitinin formalaşması üçün birtərəfli qaydada Ermənistana neft mahsulları və taxıl kimi məhsullar göndərir. Azərbaycan jestlər etsə də, Paşinyan hökumətinin bəyanatları sözdən o yana getmir. Ermənistanın sülh gündəliyində geridə qalmasının kökündə, hakim partiyanın konstitusiya çoxluğunu itirməsi dayanır. Şübhəsiz ki, Rusiyanın proksi qüvvələri Azərbaycanla sülh sazişinin imzalanmasına mane olmaq üçün əllərindən gələni edəcəklər. Çünki onlar bunu Ermənistanın Azərbaycan və Türkiyə qarşısında diz çökməsi kimi qəbul edirlər”.
Politoloqun sözlərinə görə, hakim partiyanın deputatlarının azı 50%-i sülhün əleyhinədir:
“Onlar Ermənistanın iqtisadi-siyasi maraqlarna görə sülhpərvər maska taxıblar. Əlbəttə, rəsmi İrəvanın dinc qonşuluq niyyətində səmimi olması arzulunandır. Təəssüf ki, Paşinyan hökumətinin əməli addımları, bu səmimiyyətə inanmağa heç bir əsas vermir. Azərbaycanın Konstitusiya dəyişikliyi ilə bağlı əsas tələbi də cavabsız qalır. Paşinyan islahatlardan söz açsa da, bir dəfə də olsun Konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən müddəaların ləğv olunacağını dilinə gətirməyib. Hətta yeni konstitusiyanın tam mətni ictimaiyyətə təqdim olunmayıb. Əgər Azərbaycana qarşı ərazi iddialarının ləğvi “qırmızı xətt” kimi şərt qoyularsa, hakim partiya mənsublarının əksəriyyətinin bunun əleyhinə səs verəcəyi şübhə doğurmur. Bu, bədbin senari kimi görünə bilər. Lakin gözlənilməz peşmanlıqla üzləşməmək üçün hər cür gedişata hazır olmalıyıq”.
S.İsgəndərov onu da qeyd edib ki, parlamentdə konstitusiya çoxluğunu itirən Paşinyan hökuməti üçün yeni Konstitusiyanı referenduma çıxarmaq müşkül məsələdir:
“Çünki referenduma çıxarılmaq üçün parlament qərar qəbul etməlidir. Hakim partiyanın çoxluğu yoxdursa, o qərar necə qəbul olunacaq? Ehtimallar səsləndirilir ki, güya müxalif partiyalardan 6-7 deputatın hakim partiyanın mövqeyinə çəkilməsi ilə referendum qərarı qəbul ediləcək. Amma bunun nə dərəcədə gerçəkləşəcəyi şübhə doğurur. Müxalif partiyaların heç biri, Kremlin əmrlərini qoyub Paşinyanla sövdələşməyə getməz. Ermənistanın siyasi elitası uzun illərdir ikibaşlı bəyanatlar və şirnikləndirici vədlərlə prosesi uzatmaq, zaman qazanmaq strategiyası yürüdür. Məhz bu səbəbdən Azərbaycan diplomatik mövqeyini daha da sərtləşdirməli, birtərəfli jestlərin əvəzində rəsmi İrəvan qarşısına tələblər qoymalıdır. Məsələn, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın şəxs barədə məlumatların və kütləvi məzarlıqların koordinatlarının təhvil verilməsi prinsipial şərt kimi diktə edilməlidir. Ermənistanda yeni hökumət formalaşsa da, kadr tərkibində ciddi dönüş baş verməyib. Cüzi dəyişiklikləri çıxmaq şərtilə, Paşinyanın komandası olduğu kimi qalır. Rəsmi İrəvanın sülh müqaviləsinə nə dərəcədə maraqlı olduğu məhz indi bəlli olacaq. Paşinyan komandası, bəyanatlarla kifayətlənməyib qətiyyət nümayiş etdirməli, yaranmış mürəkkəb düyünü çözməyə qadir olduğunu əməli addımlarla sübut etməlidir”.