Paşinyanın qarşısına yeni "siyasi ssenari" qoyulub

Analitik diqqətə çatdırıb ki, bu ssenari Parisdə hazırlanıb "Məqsəd regionda Fransanın domenantlığı altında yeni siyasi nizama sahib olmaqdır”
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının fəaliyyətinin səmərəsiz olduğunu bildirib. Həmçinin Rusiyanın Cənubi Qafqazdan getmək üzrə olduğunu bildirib. Ermənistan həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) səlahiyyətli nümayəndəsini geri çağırıb. Rusiyanın XİN sözçüsü Mariya Zaxarova isə Paşinyana cavabında deyib ki, İrəvanın Rusiyanı günahlandırmaq cəhdləri ilə bağlı siyasi ritorikası qəbuledilməzdir: "Ola bilsin ki, bu, məsuliyyətdən boyun qaçırmaq və ya problemin həllini çətinləşdirmək məqsədi daşıyır".
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan Cənubi Qafqazda yeni "siyasi ssenari" ortaya qoyub. Analitik diqqətə çatdırıb ki, bu ssenari Parisdə hazırlanıb: 
"Məqsəd regionda Fransanın domenantlığı altında yeni siyasi nizama sahib olmaqdır. Paşinyan İtaliya mətbuatına verdiyi müsahibədə anti-Rusiya mövqeyini ortaya qoyaraq, regiondan Rusiyanın çıxacağını mesajını verdi. Erməni baş nazir Qərbi regiona gətirməklə, bir neçə siyasi məqsədlərə nail olmağı planlaşdırır. Birincisi, Azərbaycana qarşı yeni təzyiq formalaşdırmaqla Laçın yolunu əvvəlki vəziyyətinə qaytarmağa çalışır. 
Eyni zamanda Qarabağda separatizmi inkişaf etdirməyə və Rusiyanı etimadsızlaşdıraraq Cənubi Qafqazdan çıxartmağa səy göstərir. Bununla yanaşı, Türkiyənin artan geosiyasi mövqeyinin qarşısını almaq niyyəti güdür. Paşinyan Qərbin regionda "etibarlı" müttəfiqi roluna girib. Ona görə də deyir ki, "Qarabağda ermənilərin təhlükəsizliyi təmin edilməsə, bu bölgə Azərbaycan ərazisi kimi qəbul olunmayacaq". Paşinyan yeni siyasi "mərhələyə" qədəm qoyur. Məhz İran vasitəsilə silahların Ermənistana daşınması, Fransanın birbaşa siyasi-hərbi dəstəyi baş nazirin İkinci Qarabağ müharibəsindən sonra formalaşmış nizami pozmağa çalışdığını göstərir. Lakin Fransa və İranın Ermənistanın əli ilə yaratmaq istədiyi yeni nizam Ermənistan üçün ağır nəticələrə səbəb olacaq. Yeni hərbi məğlubiyyət fonunda erməni xalqı Paşinyanı bağışlamayacaq. Onu devirib həbsxanaya göndərəcəklər. Ermənistan əhalisi Paşinyana yeni geosiyasi planlara alət olmaq üçün səs verməyib. Yəni Paşinyan təhlükəli sularda üzür və bu su onu batıracaq".
Ekspertin fikrincə, Ermənistanın hərbi ritorikasının və şərti sərhəd istiqamətində yeni təxribatların qarşısının alınması üçün mütləq preventiv addımlar atılmalıdır:
"Ermənistan öz işğalçı siyasətindən imtina etməyib. Fransa, Rusiya və İran prosesi idarə edərək, Ermənistanı Azərbaycana qarşı hərbi əməliyyatlara sövq edirlər. Ermənistan müstəqil ölkə deyil. Baş nazir Nikol Paşinyan siyasi iradə ortaya qoya bilmir. Vaşinqton və Brüssel formatında aparılan danışıqlar fiaskoya uğrayıb".