Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra ilk xarici səfərini Rusiyaya etməsi İrəvan-Moskva münasibətlərinin gələcəyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Siyasi şərhçi və iqtisadçı Qrant Mikaelyan bildirib ki, Paşinyanın Yekaterinburqa səfəri ilk növbədə simvolik xarakter daşıyır və hələlik Ermənistan-Rusiya münasibətlərində ciddi dəyişikliklərin baş verdiyini göstərmir. Onun sözlərinə görə, səfər çərçivəsində səsləndirilən fikirlər daha çox diplomatik bəyanatlar səviyyəsindədir.
Ekspert qeyd edib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşmasından danışmaq üçün konkret problemlərin həlli istiqamətində real addımlar atılmalıdır. O hesab edir ki, Paşinyanın seçkilərdən sonra ilk xarici səfər üçün məhz Rusiyanı seçməsi Moskvanın Ermənistan üçün əhəmiyyətini göstərsə də, bu, münasibətlərdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməməlidir.
Mikaelyanın fikrincə, hazırda Ermənistan-Rusiya münasibətlərində yaşanan böhranın əsas səbəbi siyasi amillərlə bağlıdır. İqtisadi sahədə ortaya çıxan problemlər isə daha çox siyasi gərginliyin nəticəsidir. Ekspert vurğulayıb ki, Ermənistan Rusiyanın bazarına daha geniş çıxış əldə etmək istəyir, Moskva isə İrəvanın xarici siyasət kursuna yenidən baxmasını gözləyir.
Onun sözlərinə görə, Rusiya tərəfi Ermənistanın son illərdə Avropa İttifaqı ilə yaxınlaşmasını və bəzi siyasi addımlarını öz maraqlarına zidd hesab edir. Eyni zamanda Moskva Ermənistanın daxili siyasətində Rusiyaya yaxın mövqedə olan şəxslərə qarşı münasibəti də diqqətlə izləyir.
Ekspert hesab edir ki, tərəflər arasında mövcud narazılıqlar aradan qaldırılarsa, münasibətlərdə müəyyən müsbət dəyişikliklər mümkündür. Lakin hazırkı mərhələdə Paşinyanın Rusiyaya səfərini daha çox diplomatik jest kimi qiymətləndirmək olar.