İran Prezidenti Məsud Pezeşkian Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında razılaşdırılan Məkkə İttifaqına qoşulmağa hazır olduqlarını bildirib.
Sherg.az xəbər verir ki, “Əl-Cəzirə” telekanalına müsahibəsində Pezeşkian təşəbbüsün müsəlman ölkələri arasında əməkdaşlığı gücləndirə biləcəyini vurğulayıb.
“Bu, mühüm addımdır. Müsəlmanlar birləşməlidir. Biz bu prosesdə iştirak etməyə hazırıq”, - deyə İran prezidenti bildirib.
Pezeşkian Tehranın razılaşma çərçivəsində qəbul edilən konkret qərarlar və təşəbbüsün təfərrüatları barədə hələ məlumatlı olmadığını da qeyd edib.
İran lideri müsəlman ölkələri arasında fikir ayrılıqlarının aradan qaldırılmasına çağıraraq, ərəb, türk və fars kimlikləri əsasında parçalanmanın sona çatmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, müsəlman ölkələri rəqabət və qarşıdurma əvəzinə əməkdaşlığa üstünlük verməlidir.
Bununla belə, İranın Məkkə İttifaqına hansı şərtlərlə qoşulacağı və təşəbbüsün konkret müddəalarının nədən ibarət olacağı hələ açıqlanmayıb.