Pirhüseyn Külivənd: Azərbaycan İrana ilk humanitar yardım edən ölkələrdən biridir

"Azərbaycan humanitar yardımı İranın Hilal-i Əhər Cəmiyyətinə təhvil verən ilk ölkələrdən biridir. Bundan əlavə, hazırda digər ölkələr də Azərbaycan vasitəsilə Astara sərhədindən keçməklə İrana humanitar yardım göndərirlər. Bu, bizim üçün çox dəyərlidir. Bütün bu yardımlara görə təşəkkür edirik".

Bunu APA-nın Tehrandakı müxbirinə müsahibəsində İranın Hilal-i Əhər Cəmiyyətinin sədri Pirhüseyn Külivənd deyib.

Pirhüseyn Külivənd bildirib ki, bir çox ölkələr İrana humanitar yardım göndərməyə hazır olduqlarını açıqlayıblar.

"Biz ehtiyac duyduğumuz əşyaların siyahısını onlara göndərmişik. Maddi yardım etmək istəyən çoxlu şəxslər olub, lakin İrana qarşı sanksiyalar səbəbindən bu imkan onlar üçün yaranmayıb. Bu problemi həll etmək üçün kriptovalyutadan istifadə etmişik" - deyə, Hilal-i Əhər Cəmiyyətinin sədri qeyd edib.

Cəmiyyət sədrinin sözlərinə görə, indiyə qədər İranda 60 mindən çox qeyri-hərbi obyekt hücuma məruz qalıb: "Təkcə Tehranda 24 mindən çox qeyri-hərbi və yaşayış obyektinə ziyan dəyib. Təxminən 18 min 790 ticarət, 266 tibb mərkəzinə ziyan dəyib. Bunlara xəstəxanalar, poliklinikalar, səhiyyə mərkəzləri, apteklər və digər səhiyyə müəssisələri daxildir. Son hücumlarda həmçinin 490 məktəb birbaşa və ya dolayısı ilə ziyan görüb."

Pirhüseyn Külivənd deyib ki, son hücumlar nəticəsində Hilal-i Əhər Cəmiyyətinin mülkiyyətinə də zərər dəyib: "Bunlara 3 ədəd helikopter, 45 ədəd xilasetmə və yardım maşını, 42 ədəd təcili yardım maşını daxildir. Bu günə qədər İran Hilal-i Əhər Cəmiyyətinin üzvləri arasında 1 şəhid və 10 yaralı var".

Külivənd deyib ki, son müharibə dövründə İranda 12 tibb işçisi vəzifəsini yerinə yetirərkən həlak olub, 90 nəfərdən çox tibb işçisi isə yaralanıb.