Prezident Ərdoğan Rizədə qonşuları ilə bayramlaşıb

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Ramazan bayramını keçirdiyi doğma şəhəri Rizənin Güneysu rayonunda qonşuları ilə bayramlaşıb.

Sherg.az xəbər verir ki, Anadolu Agentliyinin (AA) məlumatına görə, Prezident Ərdoğan Güneysuda həyat yoldaşı Emine Erdoğan ilə birlikdə qonşularını ziyarət edərək onların bayramını təbrik edib.

96 yaşlı Ayşe adlı qonşusunun yanında əyləşən Prezident bir müddət onunla söhbət edib.

Ziyarətdən sonra Ərdoğan və Emine Ərdoğan qonşularla xatirə şəkilləri də çəkdiriblər.

Qonşularından biri Ərdoğana müraciətlə, “Bütün dövlətlərlə, bütün dünya ilə məşğul olursunuz, cənab Prezident. Allah sizdən razı olsun”, – deyib.

Ziyarət zamanı Ərdoğan və həyat yoldaşı qonşularla yaxından maraqlanıb, məhəllə sakinləri tərəfindən onlara kolonya və şokolad təqdim olunub.

Bölgədə baş verən münaqişələrə diqqət çəkən bir sakin isə, “Allah razı olsun. Onlar müharibədədir, biz isə rahat yaşayırıq”, – ifadələrini işlədib.

Prezident Ərdoğan bayramlaşmadan sonra İstanbul şəhərinə getmək üçün Güneysu rayonundan avtomobil yolu ilə ayrılıb.